SON XƏBƏRLƏR

Masallı rayonunun Köhnə Alvadı kəndi Viləş çayının sahilində, Lənkəran ovalığında yerləşir.

Əvvəllər kəndin adı Alvadı olub. XIX əsrdə bu kənddən yeni yaşayış məntəqəsi yarandıqdan sonra əvvəlki kənd Köhnə Alvadı, yeni məntəqə isə Təzə Alvadı adlandırılıb [4].

Tarixçi Musarza Mirzəyevin qeyd etdiyinə görə, Azərbaycan ərazisi VII əsrdə ərəblər tərəfindən işğal ediləndə ərəblər Köhnə Alvadı kəndinin daxil olduğu Muğan ərazisinə gələrkən burada Alvadıçayı olan ərazini görüb, “Əl-vadi” adlandırmışlar [2]. Ərəb sözü olan “Əl-vadi” və ya Azərbaycan dilində işlənən “Al vadi” tərcümədə “al” (qırmızı, qızmar) və “vadi” (böyük, uzun çuxur, düzən), yəni “qırmızı düzən” mənasını verir [1]. Yerli əhalinin dediklərinə görə isə, bu ərazi qırmızı lalələrlə örtüldüyündən onu Alvadi, yəni “qırmızı çöl” adlandırmışlar [4].

Alimlər R.Yüzbaşovun və N.Məmmədovun sözlərinə görə, kəndin ilkin adı Əlvənd olub [1]. XIX əsrin əvvəllərində Ərdəbil dörd hissəyə bölünəndə dördüncü dəstə Muğan düzündə düşərgə saldı. Həmin hissənin başında isə şahsevən Şükür Əli xan dururdu [2]. Ehtimal olunur ki, kəndin ilk əhalisi onun nəslindən olduğundan kənd Əlvənd adlandırılmışdır. Sonradan rus dilində olan mənbələrdə Alvadı qeyd olunduğu üçün bu şəkildə işlənib [1].

1915-ci ilə aid olan məlumata görə, Köhnə Alvadı (Alvadı) kəndində 199 nəfər yaşayırdı [3]. 2009-cu ilin statistik göstəricilərinə əsasən, bu kənddə 3699 nəfərin yaşadığı qeydə alınıb [5].

Ədəbiyyat:

  1. Musarza Mirzəyev, Şahrza Ağayev. Masallı toponimləri. Bakı-1992.
  2. Musarza Mirzəyev. Mənim Masallım. Bakı-1991.
  3. Кавказский календарь на 1915 год. Тифлис-1914.
  4. Budaq Budaqov, Nadir Məmmədov. Azərbaycan Lənkəran regionu toponimlərinin izahlı lüğəti. Bakı-2008.
  5. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı-2010.
Photo Cenublu.az
Photo Cenublu.az