SON XƏBƏRLƏR

Qəriblər kəndi Masallı şəhərindən 10 km cənub-qərbdə yerləşir.

Bu kəndin keçmiş adı Siyobırov olub. Talış dilindən tərcümədə “siyo” (qara), “bir” (tikanlıq), “ov” (su) deməkdir [3].

Bəzi mənbələrə görə, Qəriblər toponimi, Talış dağlarında yaşayan orand tayfalarının bu yerdə məskunlaşması ilə əlaqədar yaranmışdır [2]. Tarixçi Mahmud İsmayılovun fikrinə əsasən, rayonun ərazisində olan orand tayfaları qıpçaq soylu türk tayfalarındandır və onların bu yerlərə gəlməsi ən azı VII əsrdən əvvəllərə aiddir [1]. Oturaq əhali gələnləri “qəriblər” adlandırmış, sonralar isə bu ad yaşayış yerinə verilmişdir. “Qəriblər” sözü ərəb dilində “yad yerdə yaşayan” mənasını daşıyır [2]. Həmçinin ehtimal edilir ki, “Qəriblər” sözünün yaranması Qərib adlı şəxslə əlaqəlidir [3]. Qəriblər toponiminə, həmçinin Tovuz rayonunun ərazisində də rast gəlmək mümkündür [1].

Qəriblər kəndi Masallı rayonunun qədim kəndlərindən biridir. Burada tikilmə tarixi məlum olmayan Qəriblərin Qız qalası mövcud olub [1]. Bundan əlavə, kənddə tunc dövrünə aid İstitəpə, Xanıştəpə və Qəriblər kurqanları, Kurqanüstü qəbiristanlığı, XIX əsrə aid Badavay ocağı və s. memarlıq abidələri var [4].

2009-cu ilin statistik göstəricilərinə əsasən, Qəriblər kəndində 1795 nəfər yaşayıb [5].

Ədəbiyyat:

  1. Musarza Mirzəyev. Mənim Masallım. Bakı-1991.
  2. Musarza Mirzəyev, Şahrza Ağayev. Masallı toponimləri. Bakı-1992.
  3. Budaq Budaqov, Nadir Məmmədov. Azərbaycan Lənkəran regionu toponimlərinin izahlı lüğəti. Bakı-2008.
  4. Aqşin Əliyev. Masallının tarix və mədəniyyət abidələri – ziyarətgahlar. Bakı-2021.
  5. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı-2010.