Hicran Əhmədova Astara rayonunun Pensər kəndində anadan olub. O, Talış xanlığının tarixi haqqında “Əxbarnamə” əsərinin müəllifi olan Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun nəslindəndir.
Əhmədova əlilliyi müəyyən edilmiş şəxslər sırasına daxil olmasına baxmayaraq, 19 ildir ki, müxtəlif parça hissələrinin birləşdirilməsindən yaranan, qədim el sənəti olan qurama ilə məşğuldur [1]. Bundan əlavə, Əhmədova xalça ustası kimi də tanınır [2].
Xanımın yaratdığı sənət nümunələri həm yerli, həm də beynəlxalq sərgilərdə, müsabiqələrdə nümayiş olunub. 2013-cü ildə Bakı Muzey Mərkəzində dekorativ tətbiqi sənəti festivalında, həmin ilin mart ayında Fransanın Paris şəhərində Azərbaycan Mədəniyyət günlərində onun bir neçə əl işi nümayiş edilib. O, 2015-ci ildə Bakı şəhərində əlilliyi müəyyən edilmiş şəxslərin IX sərgi-müsabiqəsində üçüncü yeri qazanıb. 2017-ci ilin mart ayında isə Hicran Əhmədovanın əl işləri Azərbaycan Rəssamlar İttifaqında Beynəlxalq Qadınlar Gününə həsr olunmuş sərgidə və Bakıda keçirilən Novruz şənliklərində nümayiş etdirilib [1].
Hicran Əhmədova qurama sənəti haqqında bəhs edib: “Rəngli parçalar alıram, onları kəsib üçbucaq formaya salıram. Bir həftəyə tikdiklərim də var. Böyük əl işləri isə bəzən 2-3 aya başa gəlir” [3].
Ədəbiyyat:
- https://azertag.az/xeber/Qedim_el_senetini_yasadan_astarali_sakinin_el_isleri_gorenlerin_maragina_sebeb_olur_VIDEO-1049529
- Azərbaycan xalçaları. Cild 2. №4. Bakı-2012.
- https://www.youtube.com/watch?v=yV0NZKiB4X4