SON XƏBƏRLƏR

Kərgəlan kənd məscidi Lənkəran rayonunda, Kərgəlan kəndinin cənub-qərbində, Lüvəsər kəndinə gedən yolun sağında, köhnə qəbiristanlığın həyətində yerləşir. İbadətgah 1902-ci ildə inşa olunub. İbadət evi, həmçinin “qədə məçit” və “kanə məçit” (köhnə məscid) adlandırılır.

Yerli yaşlı sakinlərin dediklərinə görə, bu ərazidə XIX əsrin ortalarında köhnə məscid olub və onun həyətində köhnə qəbirlər var idi [2]. Lakin sonralar burada tikinti işləri aparılması ilə əlaqədar, köhnə ibadətgah dağılmışdır. Rusiya imperiyasının hərbi dəftərxanalarındakı 1856-1870-ci illərə aid sənədlərdə bu ibadət evi qeyd olunub.

İndiki məscid düzbucaqlı formaya malikdir və kərpicdən inşa olunub. Məscid tikilən zaman onunun tikintisində Bəlləbur qalasının kərpiclərindən də istifadə edilib [1].

İbadətgahın tavanı taxtadandır və üç taxta sütun üzərində dayanıb. İbadət evinin taxtadan iki giriş qapısı var. Qapıların önündə kərpicdən iki dayaq üzərində açıq formalı, dəmirdən ibarət dam qurulub. İbadətgahın ön hissəsində iki enli pəncərə var və onların üst hissəsi üçkünc formadadır. Məscidin sağ və sol tərəflərində isə bir və iki ikilaylı pəncərələr var. İbadətgahın damında dəmir dam örtüklü azan vermək üçün minbər mövcuddur [1].

İbadət evi iki hissəyə bölünür: kişilər və qadınlar şöbəsi. Məscidin həyətinin sol tərəfində dəstəmazxana yerləşir [1].

Ədəbiyyat:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.

 

Photo Cenublu.az
Photo Cenublu.az
Photo Cenublu.az
Photo Cenublu.az
Photo Cenublu.az
Photo Cenublu.az
Photo Cenublu.az
Photo Cenublu.az