Siyaku kəndi Astara şəhərindən 25 km şimal-qərb istiqamətində, Pensər çayının sahilində, Lənkəran ovalığında yerləşir [1,3].
Tarixçi Mirzə Əhməd Mirzə Xudaverdi оğlu tərəfindən fars dilində yazılmış “Əxbarnamə” əsərində bu kəndin adı “Siyahkuh” kimi qeyd edilib [5]. Həmçinin 1870-ci ilə aid mənbədə kəndin adı bu formada qeydiyyata alınıb. “Siyahkuh” sözü fars dilində olan “siyah” (qara) və “kuh” (dağ) hissələrindən ibarət olub, “qara dağ” mənasını verir [1]. Bu səbəbdən ehtimal edilir ki, yaşayış məntəqəsi öz adını Cənubi Azərbaycanda mövcud olmuş Qaradağ mahalının adından götürüb [3]. Yazıçı Musarza Mirzəyevin fikrincə, “siyaku” sözü “ayrılmış təpə” anlamını daşıyır [6].
1853-cü ildə buraxılmış “Qafqaz” qəzetində bu kənddə acı və duzlu mineral su bulağı olması haqqında məlumat verilib. Həmin məlumata görə, kənddə axan mineral su kiçik gölməçə yaradıb. Yerli sakinlər oraya isti daş ataraq, suyu isidir və çimirlər [2].
Kənddə bir neçə tarixi abidə mövcuddur: tunc dövrünə aid Biyaylaq və Siyaku kurqanları, X-XII əsrlərə aid Qırxtürbə şəhər yeri, 1905-ci ildə inşa edilmiş kənd məscidi və s. [7].
Əhali, əsasən, sitrusçuluq, arıçılıq və maldarlıqla məşğuldur [8].
Əhalinin 1859-1864-cü illərə aid siyahıya alınmasında, Siyaku kəndində 334 nəfərin yaşadığı qeyd olunub [1]. 2009-cu ilin statistik göstəricilərinə əsasən, bu kənddə 688 nəfər yaşayıb [4].
Ədəbiyyat:
- Списки населенных мест Российской империи. Бакинская губерния. Тифлис-1870.
- Кавказ. № 68. 16 сентября 1853.
- Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı-2007.
- Azərbaycan Respublikası əhalisinin siyahıya alınması 2009-cu il. I cild. Bakı-2010.
- Mirzə Əhməd Mirzə Xudaverdi oğlu. Əxbarnamə 1855. Bakı-2009.
- Musarza Mirzəyev. Talış toponimlərinin qısa izahlı lüğəti. Bakı-1993.
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- https://www.youtube.com/watch?v=D_ghWC0Uepc