Hacı Teymur məscidi Astara rayonunun ən böyük Pensər kəndində yerləşir. Məscid 1896-cı ildə Hacı Teymurun vəsaiti ilə inşa olunub.
Hacı Teymur məscidin həyətində iki qəbir yerləşir. Onlardan biri Hacı Teymurun oğlu Hacı Osmanın qəbridir. O, ali təhsilini Türkiyədə alıb. Pensər kəndində həyatı boyu, xeyriyyəçilik və maarifçiliklə məşğul olmuşdur. Təxmini 1912-1913-cü illərdə Hacı Osman Pensər kəndində Astara rayonunun ilk orta məktəbini açıb.
Məscidin həyətindəki İkinci qəbir Yusif Camal Paşaya aiddir. O, 1918-ci ildə erməni-azərbaycanlı qırğınları zamanı Azərbaycana köməyə gələn Qafqaz İslam Ordusunun komandiri Nuru Paşanın sərkərdələrindən biri idi. Yusif Camal Paşa bu zaman Lənkəran ərazisində vuruşmuşdur.
1920-ci ilin dekabr ayında Camal Paşa və dostu Hacı Osman Pensər kəndindən 2-3 kilometr aralıqda yerləşən Kolatan kəndi ərazisində rus-erməni ordusu tərəfindən top atəşinə tutulublar.
Hacı Osman son vəsiyyətində deyib: “Bizi, atamın kəndimizdə tikdirdiyi məscidin həyətində dəfn edərsiniz”
. Sovet dövründə Hacı Osman və Camal Paşa haqqında çox mənfi fikirlər söylənilmişdir ki, bu da o vaxtki hakimiyyətin tələbi idi.
Məscidin tutumu 200 nəfərdir. Dini abidə qırmızı kərpicdən tikilib və düzbucaqlı formadadır. İki giriş qapısı var. Qapılar oymalarla bəzədilib, pəncərələr isə şəbəkədir. Mehrabın sağ tərəfində qadınlar hissəsi yerləşir və iki mərtəbədən ibarətdir. Məscidin binasının yaxınlığında ayrıca girişi olan minarə tikilmişdir. Binanın fasadı və minarə dekorativ kərpic işləri ilə bəzədilib.
Məscid 1901-ci ildə əsaslı təmir edilmişdir. Sovet dövründə anbar, sonra isə klub kimi fəaliyyət göstərmişdir. 1994-cü ildə yenidən məscid kimi insanların istifadəsinə verilmişdir. Hazırda Mədənniyət və Turizm Nazirliyi tərəfindən tarixi abidə kimi qorunur.
Mənbələr:
- М.А.Алосманова. Мечети, сооружённые в XIX веке в Ленкорань-Астаринском регионе Азербайджанской республики 2018 c. 118
- A. Mistanlı Cənub bölgəsinin abidələr ensiklopediyası 2020 s. 223
- http://www.anl.az/down/meqale/zaman/2014/iyul/380686.htm
- http://www.anl.az/down/meqale/azerbaycan/2012/mart/241136.htm
- https://ru.freejournal.org/5676777/1/pensar.html
- https://www.youtube.com/watch?v=rvjZnxLyCmk
- https://www.youtube.com/watch?v=AE6hwv5m22s
Foto Cenublu.az Foto Cenublu.az Foto Cenublu.az Foto Cenublu.az Foto Cenublu.az