Xudu təpə yaşayış yeri Cəlilabadın Çəmənli və Cəlayir kəndləri arasında yerləşir [2]. Yaşayış yerinin sahəsi 4 hektardan çoxdur.
1982-ci ildə burada aparılan tikinti və şumlama işləri zamanı məişət əşyaları, silahlar, əmək alətləri və digər maddi mədəniyyət nümunələri aşkar edilib. Bu əşyalar neolit, eneolit və tunc dövrlərinə aiddir. Həmin tapıntılar Cəlilabad Tarix-Diyarşünaslıq muzeyinə təhvil verilib.
2010-2014-cü illər ərzində bu ərazidə AMEA-nın professoru, arxeoloq Abuzər Ələkbərov tərəfindən tədqiqat işləri aparılıb [1].
2010-cu ildə yaşayış yerində arxeoloji qazıntı zamanı tunc dövrünə aid insan qəbri aşkar olunub. Burada 4 saxsı küpdə dəfn olunmuş insanın bədən hissələri tapılıb. Qəbirin içərisindən çıxan skelet qalıqları dəfn olunanın boyunun 2 metrə yaxın olmasını təsdiqləyir [3].
2011-ci ildə Xudu təpə yaşayış yerində aparılan tədqiqat işləri zamanı Atropatena dövrünə aid bir kişi və iki qadın qəbirləri tapılıb. Kişi qəbri möhrə ilə hörülmüş, qadınların qəbirləri isə torpaqla örtülmüşdür. Kişi qəbrinə baxış keçirilən zaman məlum olmuşdur ki, cənazə qoyulmamışdan əvvəl möhrənin içərisində ocaq qalanmışdır. Qəbirin yeri yandırıldıqdan sonra, kişinin başı ayrı saxsı qaba, bədəninin digər hissələri isə ayrı qablara yerləşdirilmişdir. Bu qəbirdən, həmçinin müxtəlif məişət əşyaları da tapılmışdır.
2012-ci ildə yaşayış yerində 2 qəbir aşkar edilib. Qəbrin biri qadına, digəri isə kişiyə məxsus idi. Kişi qəbrindən yumru halqavari muncuq, qadın qəbrindən isə misdən sırğa, bir dən daşı, dəvəgözü otundan hazırlanmış bıçaq və qırmızı rəngdə muncuqlar tapılıb.
Xudu təpə yaşayış yerindən, həmçinin gümüş pul, yəhər tipli xəncər, polixrom şirli saxsı qab aşkar olunub. Ərazidə tapılan gümüş pul AMEA-nın numizmat alimi Əli Rəcəbli tərəfindən tədqiq olunub və həmin sikkənin Parfiya hökmdarı I Qotarza aid olduğu məlum olub.
2013-cü ildə yaşayış yerinə Abuzər Ələkbərovun səyi nəticəsində fransız arxeoloqlar dəvət olunublar. Onlar əraziyə baxış keçirdikdən sonra yaşayış yerini sputnikdən çəkərək, dünyanın topoqrafik xəritəsinə salıblar [1].
Xudu təpə yaşayış yeri ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrininin siyahısına daxildir [4].
Ədəbiyyat:
- Ələsgər Mirzəzadə. Muğan maddi-mədəniyyət abidələri. Bakı-2016.
- https://www.youtube.com/watch?v=Tj0yEfWz7H4
- https://news.milli.az/society/19441.html
- https://www.e-qanun.az/framework/2847#_edn1











