Zeydulla Abdulla oğlu Ağayev 1945-ci ildə Masallının Qəriblər kəndində anadan olub.
Ağayev 1968-ci ildə indiki Azərbaycan Dillər Universitetinin (ADU) ingilis dili fakültəsini bitirib. O, 1969-1983-cü illərdə “Bilik” qəzetinin redaktoru işləyib. Ağayev 1983-1994-cü illərdə ADU-da bir çox vəzifələrdə çalışıb. O, 2000-2005-ci illərdə ADU-da elmi işlər üzrə prorektor, 2007-2009-cu illərdə isə Azərbaycan Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri vəzifələrində işləyib.
Zeydulla Ağayev yazıçı və tərcüməçi kimi tanınıb. O, C.London, A.Konan Doyl, T.Drayzer, E.Heminquey, S.Moem, A.Heyli kimi dünya şöhrətli yazıçıların əsərlərini Azərbaycan dilinə çevirib, çap etdirmişdir [1]. 1988-ci ildə ABŞ yazıçısı Artur Heylinin “Aeroport” romanı milli ədəbiyyatımızın tarixində birbaşa ingilis dilindən Azərbaycan dilinə tərcümə edilmiş ilk əsərdir [2]. Ağayev, həmçinin “Məhəbbət nəğməsi”, “Beş günün intizarı”, “Yenilməzlik”, “Dünyanın düz vaxtı” və s. kitabların müəllifidir [1].
Yazıçı, həmçinin “Müasir Azərbaycan nəsri”ni ingilis dilinə çevirmiş ilk tərcüməçi olub. İsmayıl Şıxlı, Anar, Sabir Əhmədli, Yusif Səmədoğlu və başqa yazıçıların bir sıra hekayələrini ingilis dilinə çevirərək, çap etdirib.
Onun rəhbərliyi və təşəbbüsü ilə Semyuel Uimzin “Ermənistan – terrorçu “xristian” ölkəsinin gizlinləri” ingilis dilindən tərcümə olunaraq, rus dilində böyük tirajla çap edilib.
Zeydulla Ağayev Azərbaycan – ABŞ əlaqələrindəki xidmətlərinə görə, ABŞ-nin Luiziana ştatının Fəxri vətəndaşı adına layiq görülüb. Dəfələrlə ABŞ-də elmi ezamiyyətlərdə olan alim iki il ərzində Vaşinqton və Kaliforniya Universitetlərində çalışaraq elmi araşdırmalar aparıb [2]. O, Los-Anceles Kaliforniya Universitetində də dərs deyib.
2005-ci ildə Zeydulla Ağayevin ingilis yazıçısı Somerset Moemin “Qisas” povesti əsasında yazdığı “Haray” faciəsinin Azərbaycan Dövlət Gənclər Teatrında tamaşası göstərilib.
O, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub [1]. Yazıçı 70-ə yaxın elmi və 100-dən çox publisistik məqalənin müəllifidir.
Zeydulla Ağayev 2014-cü ilin fevral ayında vəfat edib [2].
Ədəbiyyat:
- Nurəddin Ədiloğlu, Fərahim Xələfli. Masallı – cənnət misalı. Bakı-2013.