SON XƏBƏRLƏR

Atabala Kazım oğlu Zahidov 16 noyabr 1929-cu ildə Masallı rayonunun Öncəqala kəndində anadan olub [1].

O, 1966-cı ildə indiki Viləş kəndindəki həmin zaman mövcud olmuş Fəhlə-gənclər orta məktəbini, daha sonra Lənkəran Sovxoz Texnikumunu bitirib. Zahidov 1963-cü ildə Masallı rayon pionerlər evinin, 1969-cu ildə isə Xıl kənd mədəniyyət evinin bədii rəhbəri olub [2].

Zahidov sənət fəaliyyətinə 16-17 yaşı olarkən başlayıb. Həmin zaman Atabala Zahidov qardaşı Vəliş Zahidov və dayısı Ərzulla Səmidxanlı ilə toy məclislərində iştirak edirdi [1]. O, tar və qaval musiqi alətlərində ifa etməyi bacarırdı.

Atabala Zahidov Pünhan, Qurbanxan, Yadulla kimi aşıqlardan dərs alıb [2]. O, 60 ildən çox aşıq sənəti ilə məşğul idi [3]. Zahidov, həmçinin muğam ustası kimi də tanınırdı. Sənətkarın ən məşhur əsərləri sırasında “Süzən gözlərin” və “Müəllim” şeirlərini qeyd etmək olar.

Aşıq 1957-1987-ci illərdə keçirilən Ümumittifaq xalq yaradıcılığı festivalının qalibi olub, Azərbaycan Aşıqlar Birliyinin III və IV qurultayına nümayəndə seçilib. Zahidov Masallı rayonunda ilk ailə ansamblını yaradaraq, 1972-1987-ci illərdə respublika baxış müsabiqələrinin qalibi olub [2].

Atabala Zahidov 1987-ci ildə Azərbaycan KP XXXI qurultayının və Azərbaycan Həmkarlar İttifaqları qurultayının nümayəndələri qarşısında, Moskva şəhərində keçirilən Böyük Oktyabr Sosialist İnqilabının 70 illiyi münasibətilə konsertdə, Kreml Sarayında çıxış edib [1,2]. O, 1988-ci ildə Macarıstanda SSRİ mədəniyyəti günlərində xüsusi proqramla səhnəyə çıxıb [2]. Bundan əlavə, aşıq Masallı rayon Mədəniyyət və Turizm şöbəsinin rəqs kollektivi olan “Halay” ansamblı ilə dəfələrlə xarici ölkələrdə qastrol səfərlərində olub [1].

Atabala Zahidov 17 noyabr 2012-ci ildə Öncəqala kəndində vəfat edib [2,3].

Sənətkarın oğlu Cənub bölgəsində tanınmış xanəndə Atamoğlan Zahidovdur [1].

Ədəbiyyat:

  1. Hacı Miribadulla Hüseynzadə. Öncəqala. Masallı-2013.
  2. https://www.movqe.az/news/xeber/45977.html
  3. https://www.youtube.com/watch?v=kj4yRQ4Je_4