Mir Şərif ağa ocağı Lənkəran rayonunun Osakücə kənd qəbiristanlığında yerləşir. Ocaq Mir Şərif ağa adlı seyidin adı ilə bağlıdır. Əslən Ərdəbildən olan Mir Şərif Mirkazım oğlu Kazımov 1807-ci ildə anadan olub. O, sonralar Lənkəranın Osakücə kəndinə köçüb. Mir Şərif altıncı İmam Cəfəri Sadiqin şəcərəsindən sayılır [1,2].
Mir Şərif ağanın nəticəsi Telnaz Kazımova onun haqqında bir hekayə danışıb.
Hekayəyə görə, o zaman kənd camaatı Aşura axşamı İmam ehsanı vermək üçün qazanlarla dolu yeməkləri məscidə aparanda Mir Şərif ağanı da dəvət etmişdilər. Bu zaman Mir Şərif ağa məscidə gedən yolda taxta körpünün yanında qoz ağacı kötüyü üstündə əyləşir. Camaat taxta körpü ilə çayın qarşı tərəfinə keçən zaman xan gəlir və əlində bir stəkan su ilə ağaya xoş gəldin deyir. Bu zaman xan ağanın ətəklərindən yapışır və deyir: “Ağa cəddinə qurban olum, bütün mahal yanır və quraqlıq hər tərəfi bürüyüb, yağış istəyirik sənin cəddindən”. Ağa dua oxuyan kimi tufan qopur, qısa bir zamanda ətrafı sel basır.
Bu hadisədən sonra xan Kərbəladan gələndə, ağa üçün bir geyim gətirir. Xan gələn kimi bir çox adamları qonaqlığa dəvət edir və orada ağaya həmin o geyimi hədiyyə edir. Bunu görən xanın cavan oğlu atasına deyir: “Sən niyə belə gözəl çuxanı o seyidə bağışladın və o, ona layiq deyil. O əgər həqiqətən seyiddirsə öz seyidliyini sübut etsin”. Bunu eşidən ağa ətəyini açır və xanın oğluna deyir: “Tonqaldakı közdən tök ətəyimə”. Xanın oğlu onun sözünü yerinə yetirir. Orada olan insanlar təəcüblənərək, donub qalır. Buna səbəb isə, bu közlərin ağanın ətəyini yandırmaması idi [2].
Mir Şərif ağa 1917-ci ilin iyulunda, 110 yaşında vəfat edib. 1990-cı illərdə onun nəvəsi İlqar Mirşərif oğlu Kazımovun şəxsi vəsaiti hesabına Mir Şərif ağanın qəbri üzərində məqbərə inşa edilib [1].
Ədəbiyyat:
- İldırım Şükürzadə. Lənkəran ziyarətgahları. 2015.
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.





