Şahağac kənd məscidi Astara rayonunun eyniadlı kəndində, Yalçın Nəsirov küçəsində yerləşir [4]. İbadətgah talış xanı Mir Mustafanın yetirmələrindən olan Mir Əhməd xan Talışxanov tərəfindən 1901-ci ildə inşa edilib [1]. Şahağac kəndində Mir Əhməd xanın iqamətgahı, istirahət evi, həmçinin onun inşa etdiyi hamam da yerləşirdi [3].
Məscid düzbucaqlı formadadır və kərpicdən tikilib. İbadətgahın ön tərəfində iki pəncərə və iki qapı yerləşir. İbadət evinin damı dəmir təbəqə ilə örtülüb. Məscidin tavanı taxtadandır və dörd sütun üzərində dayanır. İbadətgahın bir minarəsi var və onun hündürlüyü 12 metr təşkil edir. Minarənin şərəfədən yuxarı hissəsi səkkizguşəlidir. İbadət evi iki hissədən ibarətdir: kişi və qadın şöbəsi [2].
Sovet dövründə məscid anbar kimi istifadə edilib. 1987-ci ildə ibadətgahın fəaliyyəti bərpa olunub. 1988-ci ildə məsciddə təmir işləri aparılıb [1].
1901-ci ildə inşa olunmasına baxmayaraq, tikili ilkin görünüşünü qoruyub saxlayıb [2].
Ədəbiyyat:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- Azərbaycan Respublikası məscidlərinin enskilopediyası. Bakı-2001.
- Əfqan Şəfiyev. Astara rayonunun tarixi-memarlıq abidələri. Bakı-2008.
- https://sirat.az/shm_point/astara-rayonu-sahagac-k%C9%99nd-m%C9%99scidi/