SON XƏBƏRLƏR

Bu gün 9 May – SSRİ-nin alman faşitləri üzərində Qələbəsi Günüdür. 

1941-1945-ci illərdə davam edən Böyük Vətən müharibəsi zamanı Masallı rayonunun böyük rolu olub. Rayondan müharibəyə kömək məqsədilə 446.000 manat pul və 276.670 manatlıq istiqraz vərəqi toplanaraq, müdafiə fonduna köçürülüb [2].

Müharibə zamanı Masallı rayonundan 10.914 nəfər döyüşlərdə iştirak edib. Onlardan 4248-i geri qayıtmayıb, 5093-ü həlak olub, 1573 itkin düşüb. Masallılı döyüşçülər Qafqazdan Berlinədək döyüş yolu keçərək, 28 nəfər “Qırmızı ulduz”, 17 nəfər “Şöhrət”, 10 nəfər “I dərəcəli Vətən müharibəsi”, 1 nəfər “Lenin” ordenləri ilə təltif edilib.

Masallı rayonundan olan döyüşçülər sırasında Ağamir Möhüb oğlu Fəttayev, Zülfi Qasım oğlu Xudaverdiyev, Ziyad Müzəffər oğlu Həsənov, Adəm İzzət oğlu Seyfullayev, Fəyyaz Qasım oğlu Fərəcov, Rəhim Kərim oğlu Tağıyev, Zəbi Əhəd oğlu Quliyev, Azad Əkbər oğlu Quliyev, İmamverdi Kəlbi oğlu Məhəmmədhəsənov və digərləri qeyd olunurlar [1, 2].

Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsini əbədiləşdirmək məqsədilə Masallı rayonunun Böyük Kolatan, Tüklə, Göyəçöl və digər kəndlərində abidələr ucaldılıb [1]. Lakin onlardan biri, rayonun Qızılağac kəndindəki abidə 2019-cu ildə qanunsuz şəkildə sökülərək, kəndin digər yerində yenisi inşa edilib [3]. 

Ədəbiyyat:

  1.   İldırım Şükürzadə, Zahir Əmənov. Masallının tarix və mədəniyyət abidələri. Bakı-2021.
  2.   Musarza Mirzəyev. Mənim Masallım. Bakı-1991.
  3. https://www.baki-xeber.com/sosial/90426.html