SON XƏBƏRLƏR

Digah kəndi Masallı şəhərindən təxminən 10 km aralıda, Bakı-Astara magistral yolunun qərb tərəfində yerləşirdi.

Kəndin adında olan “di” talış dilindən tərcümədə “kənd” və “gah” (kah) fars dilindən tərcümədə “yer” deməkdir, yəni “digah” sözü “kənd yeri” mənasını daşıyır [1]. Başqa bir versiyaya görə, kəndin adı “iki təpə arasında olan yer” və ya “iki tayfa arasında olan yer” anlamını verir [6].

Yerli əhali tərəfindən kənd “Diqo” adlandırılır [1]. XX əsrə aid mənbələrdə yaşayış yerinin adı “Digya” kimi qeyd olunur [2]. Deyilənlərə görə, kəndin keçmiş adı Çiyəçilər olub. “Çiyə” sözunün mənası “kəndir” deməkdir. Çiyə ənənəvi yuntoxuma məmulatıdır. Təsərrüfat və məişətdə istifadə edilir. Qədimdən kəndin sakinləri ip toxuculuğu ilə məşğul olublar. Yerli sakinlərin sözlərinə əsasən, kənddə bir zaman bütün ölkəni təmin edəcək qədər kəndir toxunurdu. Azərbaycanda böyük gəmilərdə, sənayedə istifadə edilən kəndirlərin əksəriyyəti Digah sakinlərinin əl işidir [5].

Əhali, əsasən, əkinçiliklə məşğul olub [6]. 1915-ci ilə aid olan siyahıyaalınma məlumatına əsasən, Digah (Digya) kəndində 118 nəfərin yaşadığı qeyd olunub [2]. 2009-cu ilin statistik göstəricilərinə əsasən, bu kənddə 3780 nəfər yaşayıb [3].

2013-cü ildə Digah kəndi ləğv edilərək, Masallı şəhərinin ərazisinə daxil edilib [4].

Ədəbiyyat:

  1. Musarza Mirzəyev, Şahrza Ağayev. Masallı toponimləri. Bakı-1992.
  2. Кавказский календарь на 1915 год. Тифлис-1914.
  3. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı-2010.
  4. https://e-qanun.az/framework/25443
  5. http://regionplus.az/az/articles/view/4209
  6. https://masallida.az/5-digah.html