Masallının baş körpüsü Ələt-Masallı-Yardımlı yolunda, Viləş çayının üzərində salınıb. Körpünü əhalinin köməkliyi ilə Ərkivandan olan usta Qədir Cəbi oğlu inşa edib. Bu körpü, həmçinin “Qədir körpüsü” kimi də tanınır [2].
Masallı rayonu təşkil olunan zamanadək onun mərkəzi indiki Ərkivan qəsəbəsi idi. 8 avqust 1930-cu ildə Masallı rayonunun mərkəzi indiki Masallı şəhərinə keçirilir. Bu səbəbdən Ərkivanda olan bütün obyektlər, həmçinin “Qala” bazarı (talış dilində Ğələvıjor) Masallı şəhərinə köçürülür. Həmin zaman Masallı ilə Ərkivanı birləşdirmək məqsədilə Viləş çayı üzərində körpü inşa edilir [1].
Masallının baş körpüsünün uzunluğu 83 metr təşkil edir və bu, rayonun ən uzun körpüsü hesab olunur [2].
1967-ci ildə taxta körpü dəmir-beton konstruksiya ilə əvəz olunub [1].
Ədəbiyyat:
- İldırım Şükürzadə, Zahir Əmənov. Masallının tarix və mədəniyyət abidələri. Bakı-2021.
- https://masallida.az/667-masalli-korpulri.html