SON XƏBƏRLƏR

Dəmbəlov kəndi Masallı şəhərindən 14 km cənub-qərb istiqamətində, Burovar silsiləsinin ətəyində, Viləşçayın sahilində yerləşir [2]. Yerli əhali tərəfindən kənd Dəmbolovu və ya Dəmbələhu kimi tələffüz edilir [1,3].

Kənddə Masallı rayonunun ən hündür Dəmbəlov zirvəsi (827 metr) yerləşir [6]. Bu səbəbdən demək olar ki, yaşayış məntəqəsi Masallı rayonunun ən hündür kəndidir [7].

Yaşayış məntəqəsi XIX əsrdə Cənubi Azərbaycandan gəlmiş, talışların qolu sayılan kalışların (qalışlar) burada məskunlaşması nəticəsində yaranıb [1].

Oykonim talış dilindəki “dəmbo” (xoş iy), “lev” (kənar) və “ov” (su) sözlərindən düzəlib, yəni kəndin adı “xoş iyli su kənarı” kimi izah olunur. Yaşayış məntəqəsinin adını ərazidəki istiliyi 50 dərəcə olan bulaqla da əlaqələndirirlər. Buna səbəb isə oykonimin, həmçinin “yerdən qaynayıb çıxan su kənarı” mənasını daşımasıdır [1]. Yerli əhalinin sözlərinə görə, kəndin adı “hündür təpə” və ya “dağ yeri” anlamını verir [3].

Kənddə bir neçə tarixi abidə mövcuddur. Onların sırasında kəndin ən qədim abidəsi – e.ə. VI əsrə aid Dəmbəlov daş qutu nekropolunu qeyd etmək olar [4].

Əhali, əsasən, maldarlıqla məşğuldur [2].

2009-cu ilin statistik göstəricilərinə əsasən, kənddə 82 nəfərin yaşadığı qeydə alınıb [5].

Ədəbiyyat: 

  1. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı-2007.
  2. Azərbaycan milli ensiklopediyası. VI cild. Bakı-2015.
  3. Musarza Mirzəyev. Talış toponimlərinin qısa izahlı lüğəti. Bakı-1993.
  4. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2018.
  5. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı-2010.
  6. http://www.anl.az/down/meqale/movqe/2011/oktyabr/203944.htm
  7. https://masallida.az/106-dmblov.html