SON XƏBƏRLƏR

Aşura günü – Məhərrəm ayının 10-cu günü, matəm günüdür. Həmin gün İmam Hüseynin(ə.s), onun ailə üzvlərinin və tərəfdarlarının şəhid olduğu gündür. Hicri təqvimi ilə 61-ci (680-ci il) ildə İslam peyğəmbəri Məhəmmədin(s.ə.a.s) nəvəsi Hüseyn ibn Əli(ə.s) və tərəfdarları, Kərbəla ərazisində (İraq) I Yezid(l.ə) təfərindən öldürülmüşdür. Şiələr bu günü yas günü kimi qəbul edirlər və əzadarlıq edirlər.

Məhəmməd Peyğəmbərin(s.ə.a.s) 632-ci ildə vəfat etməsindən sonra xilafətin kim tərəfindən idarə olunması məsələsi yaranır. Bu səbəbdən I Yezid xəlifə təyin olunan kimi, Mədinə şəhərinin valisinə məktub göndərir. Məktubda Yezid şəhər valisinin İmam Hüseynə(ə.s) deyil, ona tabe olmasını tələb edir. Əks halda, valini öldürməklə hədələyirdi. İmam Hüseyn(ə.s), I Yezidin Peyğəmbər sülaləsindən olmadığına görə, hakimiyyəti öz nəslinə qaytarmaq istəyirdi. İmam Hüseyn(ə.s) Kufədə (İraq) onu böyük kütlənin dəstəklədiyini və hakimiyyəti ələ keçirəcəyi halda, xalqın tam dəstəyinə sahib olacağını düşünürdü. İmam Hüseyn(ə.s) 72 nəfər tərəfdarı və ailə üzvləri ilə birlikdə Kufə istiqamətində yola çıxır.

İmam Hüseyn(ə.s) tərəfdarları ilə irəliləyərkən, I Yezidin 4.500 nəfərlik qoşunu ilə ağır silahlarla qarşılaşır. Yüzlərlə əsgər İmamı əhatəyə alır. Hər bir tərəfdən İmama hücum olur və zərbələr vurulur. İmam döyüş və yaralı halında da nəsihət edib, Yezidin əsgərlərini haqqa dəvət edir. İmam Hüseyn(ə.s) ona dəymiş daş-kəsək, qılınc, nizə və ox zərbələri nəticəsində taqətdən düşməyə başlayır. İmamın bədənindən axan qan onu zəiflədib yerə salır. Bunun ardınca da İmam Hüseynə(ə.s) müxtəlif zərbələr vurulur. Sərkərdar Şimr ibn Zilcövşən(l.ə) İmamın sinəsi üzərində oturub, on iki qılınc zərbəsi ilə İmamın başını kəsir. Bu döyüşdə İmam Hüseyn(ə.s) başda olmaqla 72 nəfər Kәrbәlа ərazisində şəhid edilmişdir.

Ay təqvimində ilin günlərinin sayı günəş təqvimindən 10 gün az olduğu üçün, hər il Məhərrəm ayı fərqli günlərə təsadüf edir və 40 gün yas saxlanır.

Mənbələr:

  1. Nəriman Seyidəliyev. Dini terminlər lüğəti, Bakı 2015
  2. Tofiq Əsədov, Əfzələddin Rəhimov. İmam Hüseyn və Aşura qiyamı, Beynəlxalq Əlmustafa (s) Universiteti 2010
  3. Misbah Yəzdi. Kərbəlada çaxan bir şimşək. 2000