Baba Rəsul türbəsi Astara rayon mərkəzindən təxmini 30 km aralıqda, Toradi kəndinin mərkəzində yerləşir. Türbənin yaranma tarixi IX-XIII əsrlərə aid edilir. Aqşin Mistanlının “Cənub bölgəsinin abidələr ensiklopediyası” kitabında bu türbənin ərazidə dövrümüzə qədər gəlib çatmış yeganə orta əsr tikilisi olduğu deyilir.
Bu türbə seyid Baba Rəsulun vəfatından sonra, onun adını daşıyıb. Türbə qırmızı kərpicdən inşa olunub. Qapısı tağ formasında düzəldilmişdir. Baba Rəsulun XIV-XV əsrlərdə yaşadığı bilinir. Orta əsrlərdə müsəlman ölkələrində ruhaniyə, mollaya, sufi təriqət başçılarına “Baba” ləqəbi verilirdi.
Əfsanəyə görə, Orta Asiya hakimi Teymurləng öz qoşunu ilə Toradi kəndinin yaxınlığında yerləşən yaylağda dincəlmişdir. O, həmişə şahin quşunun uçuşuna baxmaqdan həzz alırmış. Bir dəfə quş Baba Rəsulun toyuq-cücəsindən aparmaq istəyəndə, Rəsul şahini tutub saxlayır. Bu xəbər Teymurləngə çatır və qəzəblənmiş halda cəlladı onun üstünə yollayır. Lakin cəlladın əlində qılıncın daşa dönmüş kimi, yerə sərildiyini görürlər. Bu xəbər Teymurləngə çatdırıldıqdan sonra qəzəbli halda özü Baba Rəsulun yanına gəlir. Möcüzədən sarsılaraq, Teymurləng səhv etdiyini ona etiraf edir.
Mənbələr:
- Aqşin Mistanlı. Cənub Bölgəsinin abidələr ensiklopediyası. 2-ci nəşr. Bakı-2020.
- https://goazerbaijan.blogspot.com/2017/12/baba-rsul-ziyartgah-teymurlngi-diz.html
- http://belediyye.info/new/details/astara-ziyaretgahlari–5503.htm