SON XƏBƏRLƏR

Lənkəranda teatr əsaslı fəaliyyətə 18 yanvar 1891-ci ildə başlanılıb. Bu tarixdə Sankt-Peterburqda təhsil almış bir qrup Lənkəran ziyalısının təşəbbüsü ilə yoxsul uşaqlara kömək üçün Azərbaycan yazıçısı və dramaturqu Nəcəf bəy Vəzirovun “Oddan alova” və ya “Yağışdan çıxdıq, yağmura düşdük” əsəri tamaşaya qoyulub.

Lakin bundan əvvəl də Lənkəranda teatr tamaşaları oynanılırdı. Lənkərandan olan həvəskarlar hələ XIX əsrin ortalarında ilk dəfə rus dramaturqlarının əsərlərinə əsaslanan tamaşalar qoyurdular [1]. 1850-ci ildə Aleksandr Qriboyedovun “Ağıldan bəla” komediyası tamaşaya qoyulub. Bu haqda Peterburqda çıxan “Severnaya pçela” qəzetinin Lənkəran müxbiri məlumat verib [2]. Tamaşadan yığılan pullar isə yoxsullara sərf edilib. 1884-cü ildə isə Teymur bəy Bayraməlibəyovun təşəbbüsü ilə Nikolay Qoqolun “Evlənmə” komediyası oynanılıb.

1906-cı ildə Bakı aktyor truppası Lənkəranda Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” tamaşasını göstərmişdir. Bakıdan gəlmiş aktyorlar arasında H.Ərəblinski, N.Sarabski, Ə.Vəli və s. olmuşlar [1].

1912-ci ildə Lənkərana gələn Sidqi Ruhulla burada dram heyəti yaratmaq istəyən həvəskarlarla “Bəxtsiz cavan”, “Nadir şah” faciələrini, H.Rzayevin “Cəhalət” və N.B.Vəzirovun “Ev tərbiyəsinin bir şəkli” komediyalarını göstərib [3].

1923-cü ildə yerli ziyalılardan olan Teymur Şahverdiyevin “Altı rəfat” və “Həqiqi röya” pyeslərinin tamaşaları qoyulub. Hər iki əsər Hüseyn Ərəblinski adına rayon xalq teatrı artistlərinin və yerli ziyalıların qüvvəsi ilə hazırlanıb.

Xalq teatrı fəaliyyət göstərərək sonralar yaradılmış peşəkar teatr üçün zəmin yaradıb. Həqiqət Rzayeva, Münəvvər Kələntərli, Haşım Kələntərli, İsmayıl Talışinski, Cahan xanım Talışinskaya kimi sənətkarlar ilk addımlarını məhz Lənkəran xalq teatrının səhnəsində atıblar [4].

Ədəbiyyat:

  1. Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.
  2. Литературное наследство. Москва-1946.
  3. https://medeniyyet.az/page/news/55696/Lenkeran-teatri-130-illik-yubileye-hazirlasir.html
  4. https://www.lenkeranteatr.az/#!/Haqqimizda