SON XƏBƏRLƏR

Gümüş qab Lənkəran rayonunun Rvo kəndində 1947-ci ildə arx qazılarkən aşkar olunub. Qab VII əsrə aid edilir [2,3].

Bu qab döymə üsulu ilə hazırlanıb [2]. Onun çəkisi 455 qr, hündürlüyü 3.8 sm, diametri 21,6 sm təşkil edir [1,2].

Qabın mərkəzi hissəsində hərəkətdə olan iribuynuzlu qoç təsvir olunub. Heyvan təsvirləri ən çox sasanilər dövrünə aid edilir və onların incəsənətində IV əsrin ortalarından başlayaraq daha çox məşhurlaşıb. Həmin qoçun boynunda lent dalğalanır. Qoçun boynundakı lent sasani şahlarının geyiminin əsas hissəsi sayılırdı [1]. Azərbaycanda heyvanların lentlə təsviri ölkə ərazisində zərdüştçülüyün yayılması ilə bağlıdır. Qoçun arxa hissəsində və bədənində dairə formasında burulğan rozetləri təsvir edilib. Rozetlər günəşi simvolizə edir. Buna, əsasən, Yunan-Baktriya padşahlığına aid təsvirlərdə rast gəlinir [4].

Məhz bu cür təsvir olunmuş qoç fiquru ilə Fransanın Lion şəhərindəki muzeydə saxlanılan sasanilərə aid parçada, həmçinin ABŞ-nin Detroyt şəhərindəki muzeydə və İsveçrənin Bern şəhərində şəxsi kolleksiyada saxlanılan qabların üzərində görmək mümkündür [1,4].

Hazırda bu qab Bakıdakı Milli Azərbaycan Tarixi Muzeyində saxlanılır [3].

Ədəbiyyat:

  1. К.О.Кошкарлы. Античная и раннесредневековая торевтика из Азербайджана. Баку-1985.
  2. Azərbaycanın arxeoloji qızıl və gümüş əşyaları. Bakı-2013.
  3. Nəsir Rzayev. Qayalar danışır. Bakı-2019.
  4. http://annales.info/iran/small/2bluda.htm