SON XƏBƏRLƏR

Seydəpir ocağı Lənkəran rayonunun Şağlakücə kəndi ərazisində, Lənkəran-Lerik şosesinin sol tərəfində, rayon mərkəzindən 9 km qərbdə yerləşir [2]. Ziyarətgah təxminən IX-XV əsrlərə aid edilir. Yerli əhali piri “Səydəpi ocəğ” və “Seyidəpir” kimi adlandırır [1,2].

“Seydəpir” sözü talış dilindən tərcümədə “seyd” (seyid), “ə” (birləşdirici səs), fars dilindən isə “pir” (ziyarətgah), yəni “seyid ziyarətgahı” mənasını verir [1]. Bəzi mənbələrə görə, pir əslən Gilan mahalından olan Seydəpir adlı seyidin adı ilə bağlıdır [2].

Seydəpir ocağında kiçik otağın içərisində bir qəbir var. Tarixçi İldırım Şükürzadənin fikrincə, burada dəfn edilən şəxs kəramətli seyid olduğundan, onun qəbri ziyarətgaha çevrilərək Seydəpir adlandırılmışdır [1]. Yerli əhalinin sözlərinə görə, buradakı məzar 7-ci İmam Museyi-Kazımın övladlarından birinə məxsusdur. O, xilafətdə Abbasi xəlifələrinin təqiblərindən yaxa qurtarmaq üçün bu bölgədə məskunlaşmışdır [2].

İldırım Şükürzadənin yazdığına görə, burada əvvəllər qədim qəbiristanlıq mövcud olub [1]. Ocağın cənub və qərb hissələrində naməlum qəbirlər var. Bu qəbirlərin qıraqlarına çay daşları düzülüb. Burada başdaşı olmadığından, həmin qəbirlərin kimə aid olduğu məlum deyil.

Bu ocaq 3 palıd və 4 nil ağacının olduğu kiçik meşə zolağının içərisində yerləşir. Ocağın həyətində olan palıd və nil ağaclarına yerli sakinlər müxtəlif rəngli parçalar bağlayaraq öz niyyət və diləklərini edirlər [2].

Ədəbiyyat:

  1. İldırım Şükürzadə. Lənkəran ziyarətgahları. 2015.
  2. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.

 

Seydəpir ocağı
Seydəpir ocağı
Seydəpir ocağı
Seydəpir ocağı Seydəpir ocağı Seydəpir ocağı