SON XƏBƏRLƏR

Lənkəran qalası 1 yanvar 1813-cü ildə general Pyotr Stepanoviç Kotlyarevski başda olmaqla Rus imperiyasının ordusunun əlinə keçir.

Kotlyarevski hücum zamanı Lənkəran qalasına qalxarkən ayağına atılan üç güllə ilə yaralanır [2]. Bundan əlavə, döyüş zamanı onun ən ağır yarası yanağına atılan güllə olur. Rus ordusu qalanı aldıqdan sonra Kotlyarevski əzilmiş və eybəcər halda çox sayda cəsədlər arasında tapılır, sonra isə o özünə gəlir.

Lənkəran döyüşlərinə görə 31 yaşlı Pyotr Kotlyarevski ikinci dərəcəli “Müqəddəs Georgi” ordeni ilə təltif olunur və aldığı yeddi ağır yara ilə təqaüdə göndərilir [3]. Hökumət tərəfindən verilən pula keçmiş general Krımda özünə ev alır və ömrünün qalan 39 ilini orada keçirir. Kotlyarevski evində özü kimi əlili – Lənkəran qalası uğrunda gedən döyüşün iştirakçısı olan mayor Şulteni sığındırır.

Generalın Lənkəran yaralarını müalicə edən doktor Qruzinskini Kotlyarevski öz şəxsi ehtiyacına baxmayaraq, ömürlük pensiya ilə təmin etmişdir [1]. Lənkəran hücumundan sonra Pyotr Kotlyarevski özünü “canlı ölü” adlandırırdı [3]. Yaralardan çəkdiyi əzab onun gücünü zəiflətdi, görünüşünü dəyişdirdi: sağ gözü görmürdü, üzü isə əyilmişdi [1].

Pyotr Stepanoviç Kotlyarevski 21 oktyabr 1851-ci ildə Krımın Feodosiya şəhərində vəfat edir və orada da dəfn olunur [3]. Ölümündən bir neçə gün əvvəl xüsusi qutudan Lənkəran döyüşlərindən sonra başından götürülmüş 40 sümüyü çıxararaq deyib: “Hökmdarın təyinatını qəbul edib, məzara qədər vətənə xidmət edə bilməməyimin səbəbi bu idi. Qoy onlar sizin üçün əzabımın xatirəsi olaraq qalsın” [1].

Ədəbiyyat:

  1. Военная энциклопедия. Том XIII. Петербург-1913.
  2. М.Владыкина. Путеводитель и собеседник в путешествии по Кавказу. Часть первая. Москва-1885.
  3. Военный сборник издаваемый по высочайшему повелению. Том LXXVII. Санкт-Петербург-1871.