SON XƏBƏRLƏR

Hakim Cəmiyağa oğlu Həsənov 25 oktyabr 1973-cü ildə Masallı rayonunun Qasımlı kəndində anadan olub.

O, 1990-cı ildə Yeddioymaq kənd orta məktəbini, 1991-ci ilin oktyabr ayında isə indiki Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbini bitirib [2].

Həsənov 5 iyul 1992-ci ildə Azərbaycan Milli Ordusunun Qusar batalyonunda hərbi xidmətə başlayıb. Daha sonra o, Füzuli rayonunda erməni işğalçılarına qarşı vuruşub.

Hakim Həsənov 1992-ci ilin sentyabr ayında Qubadlı – Laçın bölgəsində gedən döyüşlərdə iştirak edib. Həmin döyüşlər zamanı o, Muradxanlı, Güləbird, Aşağı Fərəcan, Yuxarı Fərəcan, Mavutulu, Səfiyan, Türklər kəndlərinin ermənilərdən təmizlənməsində böyük şücaət göstərib. Həsənovun Füzuli, Laçın, Qubadlı və Zəngilan bölgələrində yaralıların döyüş zonasından çıxarılmasında rolu olub. Bu səbəbdən ona komandirlər tərəfindən qoçaqlığına və cəsurluğuna görə iki dəfə məzuniyyət verilib. Lakin Hakim məzuniyyətə getməkdən imtina edərək, döyüşməyə davam edib [1].

Hakim Həsənov 3 aprel 1993-cü ildə Laçın rayonunun Suarası kəndi ərazisində yerləşən Qızartı dağında erməni işğalçıları ilə döyüşdə həlak olub [2,3]. Şəhid daha sonra Qasımlı kənd qəbiristanlığında dəfn edilib.

Hazırda Qasımlı kənd tam orta məktəbi Hakim Həsənovun adını daşıyır. Həmin məktəbin memorial lövhəsində onun adı həkk olunub. 2019-cu ildə Qasımlı kənd məktəbində Rahib Qarayev tərəfindən hazırlanmış Hakim Həsənovun heykəli ucaldılıb. [2].

Ədəbiyyat:

  1. Novruz Novruzov. Masallının şəhid oğulları. Bakı-1994.
  2. Mehdi Fəyyazlı. Qasımlı kəndi. Bakı-2020.
  3. http://www.anl.az/down/meqale/express/2012/fevral/230364.htm