Məryəm Bayraməlibəyova 1898-ci il yanvar ayının 22-də Lənkəran şəhərində anadan olub.
Keçən əsrin əvvələrində cənub zonasında qızlar üçün məktəb yox idi. Məryəm xanım bu iş uğrunda mübarizə aparır və atasının köməkliyi ilə 1918-ci ildə qızlar üçün Lənkəranda “Ünas” (“Qızlar”) məktəbini açır. Atası öz evinin otaqlarından birini sinif otağı üçün ayırır. Lakin problem tək yer tapmaqda deyildi. O vaxtlar bir çox ailələr qızlarına təhsil almağı qəti şəkildə qadağan edirdi. Çətinliklərə baxmayaraq, Məryəm xanım və atası Lənkəranı qapı-qapı gəzərək, insanları inandırıb məktəbə 9-12 qız toplaya bilirlər.
Şagirdlər burada təkcə yazmaq, oxumaq öyrənmirdilər, eyni zamanda səhnəciklər hazırlayıb valideynlərin qarşısında çıxış edirdilər. Bu çıxışlardan toplanan vəsait kasıb qızların məktəbə cəlb olunması üçün xərclənirdi. Bu məktəbin müxtəlif illərdəki məzunları görkəmli teatr sənətinin ustaları – Xalq artistləri Həqiqət Rzayeva, Cahan Talışinskaya, Münəvvər Kələntərli olublar.
Məryəm xanım Lənkəranda yeganə qadın müəllim idi. Dindar qadınlar belə gənc müəllimin hekayələrini dinləməyə gəlirdilər. O, qızları məktəbə cəlb etmək üçün özü də çadrada gəzirdi. 1925-ci ildə Moskvada keçirilmiş I Ümumittifaq Müəllimlər qurultayının iştirakçısı və Qızıl Meydanda çıxış edən Şərqin ilk qadını idi. Məryəm xanım ömrü boyu savadsızlığa qarşı mübarizə aparır, qadınları mədəni və ictimai həyata cəlb etməyə çalışırdı. Bu məqsədlə Məryəm Bayraməlibəyova Lənkəranda ilk qadın xeyriyyə cəmiyyətini də yaratmışdır.
Lənkəranın ilk qadın müəlliminin həyatı heç də sadə olmur. Onun yoldaşı – Cavad bəy Məlik-Yeganov 1918-ci ildə Respublikanın müstəqillik bəyannaməsini imzalayan parlamentin 16 üzvündən biri olur. Sovet dövründə buna görə Koreliya düşərgələrindən birinə sürgün edilir və orada ölür. Əvvəlcə Məryəm xanımı “xalq düşməninin arvadı” adlandırırlar, sonra isə 1937-ci ildə heç bir siyasi təşkilata daxil olmadığına baxmayaraq, onu Müsavat partiyasının fəal üzvü kimi məhküm edirlər. İlk aylarını Bayıl həbsxanasında keçirir, sonra Arxangelsk şəhərinə köçürülür.
1948-ci ildə həbs müddəti başa çatır və Bayraməlibəyova Bakıya qayıdır. O vaxta qədər Məryəm xanım görmə qabiliyyətini itirir və əmək, ictimai fəaliyyətinə qayıda bilmir. 1956-cı ildə SSRİ Ali Məhkəməsinin qərarı ilə bütün ittihamlar Məryəm xanımdan götürülmüşdür və adı reabilitasiya olunanların siyahısına daxil edildi. Yoldaşı Cavad bəy Məlik-Yeganov isə bir il sonra, 1957-ci ildə reabilitasiya olunmuşdur.
Məryəm Bayraməlibəyova 1987-ci ildə 89 yaşında Bakıda vəfat edib. 2000-ci ildə Məlik-Yeganovların Bakıda yaşadığı binaya onların xatirə lövhəsi vurulub.
Mənbələr:
- Бабаев А. Жена “врага народа”. Наш век. 2005 г.
- Дулаева З. Их отличало благородство души и любовь к родине // ВЫШКА № 21 от 24 мая 2002 года
- Şükürov Ə. Cənub bölgəsinin təqdimatı. Ədalət. Murmansk-2013 S.8.
- Мамедов С. Страницы жизни. İşıq 1973. S.63
- Литературный Азербайджан Том 28, выпуски 6-12 1970. Стр 114-115