SON XƏBƏRLƏR

Aktyor Kamil Abbas oğlu Nəcəfov 10 may 1910-cu ildə Lənkəran şəhərində anadan olub.

1925-ci ildə Lənkəran “Vodnik” məktəbinin 7-ci sinfini, 1932-ci ildə isə Azərbaycan Teatr Texnikumunda rejissor-aktyor şöbəsini bitirib. O, bir müddət Zaqatala mədəniyyət sarayında işləyib.

1934-cü ildən Bayıl qəsəbəsində teatr və kino aktyoru Mustafa Mərdanovun rəhbərlik etdiyi “Şvarts” Bakı Neftçilər teatrının, sonra Lənkəran Dövlət Dram Teatrının aktyoru olub.

İlk rolu şair Böyükağa Talıblının “Kef içində” tamaşasında “Cavad” obrazı olmuşdur. Sonralar Səməd Vurğunun “Vaqif” adlı əsərində “Vaqif”, Nəriman Nərimanovun “Nadir şah” əsərində “Nadir şah”, Mirzə Fətəli Axundovun “Xırs quldurbasan” əsərində “Şirəhməd” və s. rollarda oynayıb.

1941-1943-cü illərdə Kamil Nəcəfov Böyük Vətən müharibəsində iştirak edib. 1943-cü ildə Kerçdə (Ukrayna) ağır yaralanaraq, ordudan tərxis olunub.

1943-cü ildə Nəcəfov Lənkəran Dövlət Dram Teatrında rejissor kimi fəaliyyətə başlayıb. O, teatrda, həmçinin “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Aşıq Qərib” kimi operalarda baş rollarda çıxış edib.

Kamil Nəcəfov 1943-cü ildə “Azərbaycan SSR Əməkdar artisti” fəxri adına layiq görülüb.

Nəcəfov sonralar rayonlararası mədəniyyət evinin bədii rəhbəri, 1948-1959-cu illərdə kino birliyinin rəisi kimi işləyib. 1959-1980-ci illərdə H.Ərəblinski adına Lənkəran xalq teatrının rejissoru, 1980-2003-cü illərdə isə N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktyoru kimi çalışıb.

Kamil Nəcəfov 22 iyul 2006-cı ildə vəfat edib və Lənkəran şəhərində dəfn olunub.

Mənbələr:

  1. Böyükağa Hüseynbalaoğlu, Mirhaşım Talışlı. Lənkəran. Bakı-1990.
  2. Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.