SON XƏBƏRLƏR

Münəvvər Səməd qızı Kələntərli 21 dekabr 1912-ci ildə Lənkəranda anadan olub.

Münəvvər xanım 17 yaşında böyük qardaşı, muğam və xalq mahnılarının ifaçısı Haşım Kələntərli ilə Bakıya gəlib. O, qardaşı ilə 1930-cu illərdə Azərbaycan radiosunun efirində səslənən bir çox konsert proqramında iştirak edib.

Bəstəkar Müslüm Maqomayev 1933-cü ildə Münəvvər xanımı operaya dəvət edib. Aktrisa əvvəlcə Opera Teatrında, daha sonra isə Musiqili Komediya Teatrında fəaliyyət göstərib.

Aktrisa 10-dan çox bədii filmdə, bir sıra qısametrajlı və sənədli filmlərdə çəkilib. Onların sırasında “Bakının işıqları”, “Bəxtiyar”, “Görüş”, “Qızmar günəş altında”, “Kölgələr sürünür” və s. filmlər idi.

“O olmasın, bu olsun” filminin çəkilişi zamanı yengə (Münəvvər xanım) qapının açar deşiyindən baxmağa çalışır. Qəflətən qapı açılır və aktrisa yerə yıxılır. Həmin vaxt Münəvvər xanımın barmağı sınır, qışqırtısı da çox təbii və təsirli alınır.

Aktrisa 1945-ci ildə “Arşın mal alan” filmində çəkilib. Kələntərlinin yaratdığı Cahan xala obrazına görə, o, SSRİ Dövlət mükafatına layiq görülüb.

Münəvvər Kələntərli kinostudiyada ən peşəkar aktrisalardan biri sayılırdı. Xalq artisti Adil İsgəndərov ona belə demişdi: “Mina, bu camaat ən çox səninlə istirahət edir”.

Münəvvər xanım 1953-cü ildə “Vətən” kinoteatrına direktor müavini təyin olunub.

Münəvvər xanım 25 yaşında ailə qurub və Validə adlı qızı dünyaya gəlmişdir. Lakin, sonradan həyat yoldaşının Bakıdan köçmək istəyinə görə, onlar ayrılırlar. Aktrisa “Mən sənətimi atıb, heç yerə gedə bilmərəm”, deyib qızı ilə birgə Bakıda qalır.

Münəvvər Kələntərli 5 fevral 1963-cü ildə 51 yaşında vəfat edib. O, əməliyyat ediləndən sonra iki gün yaşayaraq, dünyasını dəyişib. Deyilənlərə görə, əməliyyat zamanı həkim səhvi səbəbidən rəhmətə gedib.

Hazırda xanımın Lənkəranda yaşadığı evinə xatirə lövhəsi vurulub.

 

Mənbələr:

 

  1. Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.
  2. http://www.anl.az/down/meqale/express/2014/iyun/375492.htm
  3. https://medeniyyet.az/page/news/19654/Yaddaslarda-izi-konullerde-yeri-var.html?lang=en