Kinan qalası Lənkəran rayonunun Yuxarı-Nüvədi kəndi ərazisində, Talış dağlarının ətəyində yerləşir. Kinan qalası talış dilində “kinonə ğələ”, yəni “qızlar qalası” deməkdir.
Mirhaşım Talışlının və Hüseynbala Əliyevin “Lənkəran” kitabında bu qala haqda belə qeyd olub: “Ərəb işğalı dövründə, IX əsrdə Hürrəmilər hərəkatı dövründə adlı-sanlı dövlət adamlarının və sərkərdələrinin qadınları və qızları məhz bu qalada saxlanmışdır və elə o zamandan da bu qalaya “Qızlar qalası” deyilmişdir”.
Yerli əhalinin sözlərinə görə, buradan 5 km uzaqlıqdakı Səpnəkəran kəndindən qadınlara yemək vermək üçün, kənddən qalayadək insanlar zəncirvari düzülərək, əldən-ələ ötürürdülər. Bu ərazidə, buna sübüt olaraq bir çox qədim qablar aşkarlanmışdır.
Bəzi mənbələrə görə, VII əsrdə o dövrlərdə Talışın hakimi Bəhram Fərruxzad, Kinan qalasını tikdirməyi sərkərdə Fərhada əmr etmişdir. Qısa müddətə bu qala Babər qalasından 1 km cənubda, Vazarü (Lənkərançay) çayının cənub tərəfində, Talış dağlarının ətəyində tikilir. Qala tikiləndən sonra buraya sərkərdələrin qadınları və qızları gətirilərək, qorunub saxlanılıb.
Ərəblər 642-ci ildə Babər qalasına hücum etmişdir. Qalanı ilk hücumda ala bilməyən ərəblər, cəsuslar vasitəsi ilə öyrənir ki, Bəhramın və digər əsilzadələrin ailələri məhz Kinan qalasında yerləşir və elə bu səbəbdən də oraya hücuma keçirlər. Qalanı kiçik bir dəstə ilə mudafiə edən dəmirçi Peruz, Babər qalasına Bəhramın yanına dəstək üçün xəbər göndərir. Xəbəri eşidən kimi Bəhram, çayı keçib qalaya yaxınlaşır. Döyüşlərdə onun bir neçə yaxın sərkərdələri şəhid olurlar.
Ərəblər qalanı tutmamışdan əvvəl, Bəhram oradan yalnız öz bacısı Şəbnəmi xilas edə bilir. Ərəblər qala ilə bərabər bütün qadınları və Bəhramın özü də daxil olmaqla bütün ailəsini ələ keçirirlər. Bəhram ərəblərlə muqavilə imzaladıqdan sonra, onları azad edirlər.
Qalanın giriş hissəsini isə ərəblər mancanaq (ağır daşlar atan hərbi texnika) vasitəsi ilə dağıtmışdırlar.
Bu qala Azərbaycan ərazisində mövcud olan 16 qız qalalarından biridir.
Mənbələr:
- Aqşin Mistanlı Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- https://limandra.ru/blog/lenkoran/
