Moğonojoba kəndi Lənkəran rayon mərkəzindən 10 km uzaqlıqda, Lənkəran-Astara magistral yolunda yerləşir [1]. Kənd yerli əhali tərəfindən “Moğnojoba” kimi adlandırılır [2].
Moğonojoba sözü “muğanlılar obası” mənasını verir [1].
Şair Şahan Zeynalovun məlumatına əsasən, kənd sakinlərinin bir hissəsi vaxtilə İranın Nəmin vilayətindən Masallı rayonunun Şığdaş kəndinə köçmüş, daha sonra oradan indiki Moğonojoba kəndinə gələrək, burada məskunlaşmışdır. Bu səbəbdən yerli sakinlər onları “moğonoj”, yəni muğanlı adlandırmışdırlar. Kənd sakinləri onları “muğanlı” adlandırdıqlarına görə, əraziyə Moğonojoba adı verilib [2].
Yerli əhali əsasən heyvandarlıq, taxılçılıq və çayçılıqla məşğuldur [1].
Moğonojoba 1999-cu ilin dekabrında kənd statusunu alıb [2]. 2017-ci ilin statistik məlumatına əsasən, Moğonojoba kəndində 725 nəfərin yaşadığı qeyd olunub [1].
Ədəbiyyat:
- Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.
- İldırım Şükürzadə. Lənkəran toponimləri. Bakı-2012.





