Boladı kənd məscidi Lənkəran rayonunun Boladı kəndinin Seyidoba məhəlləsində yerləşir. Bir çox mənbələrdə ibadətgahın 1920-ci illərdə tikildiyi qeyd olunur, lakin məscidin giriş qapısının yanındakı lövhədə onun XIX əsrə aid olduğu göstərilir. İbadətgah yerli sakinlərin vəsaiti ilə inşa olunub.
İbadət evi, həmçinin “Seyyidoba” və “Seyodoba” məscidi adlandırılır. Məscidin bu cür adlandırılmasını bu ərazidə talışca “Siyo Səyd”, yəni Qara seyid adlı ziyarətgahın olması ilə bağlıdır.
Yazıçılar Etibar Əhədovun və İsabala Xankişiyevin “Boladı” kitabında yazılıb: “Bu abidənin adı məlum deyil, lakin el arasında “Siyo Səyd” (Qara seyid) adlandırılır. Bu şəxs Ərdəbil şəhərindən olmuş və 1914-cü ildə iki nəfərlə bərabər Boladı kəndinə gəlmiş, orada məskunlaşmış və orada da dəfn olunmuşdur”. Seyidin məzarı bu məscidin həyətində yerləşir.
Məscid düzbucaq formaya malikdir. İki giriş qapısı var. İbadətgahın döşəməsi torpaqdandır. Məscidin tavanı düzbucaqlı formadadır və dörd taxta sütun üzərində dayanıb. İbadət evinin damı məxmər təbəqə ilə örtülüb. İbadətgahın damında azan vermək üçün günbəz var.
Bu məscid 1937-1945-ci illərdə taxıl anbarı kimi istifadə olunub. Lakin 1988-ci ildə yerli əhalinin tələbi ilə yenidən məscid kimi fəaliyyətini bərpa edib.
Məscid rəsmi olaraq 2001-ci ildə dövlət qeydiyyatına alınıb.
Mənbələr:
- Aqşin Mistanlı. Cənub Bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.
- Azərbaycan Respublikası məscidlər ensiklopediyası. Bakı-2001.


