SON XƏBƏRLƏR

1989-cu ilin dekabr ayında Ermənistan SSR Ali Soveti Dağlıq Qarabağı özünə birləşdirməklə bağlı qərar qəbul etdi. Bu qərar Azərbaycan xalqı tərəfindən etirazla qarşılandı. Lənkəranlılar etiraz əlaməti olaraq 11 yanvar 1990-cı ildən bir sıra tələblər irəli sürməklə Lənkəranda yerli hakimiyyətin fəaliyyətini dayandırdılar. Bu işdə rayon partiya komitəsi, təhlükəsizlik orqanları da xalqa dəstək oldu. Aksiyalar yanvarın 25-nə qədər davam etdi.

Yanvar ayının 19-dan 20-nə keçən gecə sovet qoşunları Bakıda kütləvi qırğın törətdilər. Daha sonra rus qoşunları bir sıra rayonlarda da qırğınlar etdi. Həmin zaman Lənkəran siyasi hakimiyyətə etiraz etmişdi. Bu səbəbdən SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Lənkəranda olan nümayəndəliyi ilə görüş keçirildi. Görüşdə imzalanan protokolun əsas şərti o idi ki, Lənkəran Xalq Cəbhəsinin (LXC) nümayəndələri onlarda olan silahları təhvil verir və bunun qarşılığında sovet ordusu şəhərə daxil olmur. Bu görüş 25 yanvar 1990-cı ildə gecə saat 12 radələrində başladı və gecə saat 3:00-a qədər davam etdi. Nəticədə razılaşma protokolu imzalandı. Bir gün sonra, 26 yanvar günorta saat 15:00-a qədər bütün silahlar toplandı.

26 yanvar şəhər üzərində hərbi vertolyotlar uçurdu. Günorta saatlarında LXC-nin idarə heyətinin üzvləri və bir neçə könüllü Haftoni meşəsinə getdilər. Buna səbəb isə Milli Müdafiə Batalyonunun həmin meşəyə çəkilməsi idi. Onlar Milli Müdafiə Batalyonuna silahlarını qoyub ərazini tərk etmələrini bildirmək istəyərkən 30-40 metr aralıda hərbi vertolyot yerə endi. Vertolyotdan sovet əsgərləri yerə tullanaraq meşəyə tərəf qaçdılar. Sonra isə məlum oldu ki, meşədə 4 əsgər qətlə yetirilib və 1 nəfər motosikletçi ərazidən keçərkən atəşə tutulub. Həmçinin meşədə tutulanlardan 46 nəfər Rusiyadakı həbsxanalara göndərilib və 4 ay işgəncələrə məruz qaldıqdan sonra buraxılıblar.

1990-cı ilin yanvar hadisələri zamanı, Lənkəran 11 şəhid verib. Onlardan 5 nəfəri Bakıda 20 Yanvar qırğınları vaxtı şəhid olub, 5 nəfəri Lənkərandakı Haftoni meşəsində və 1 nəfər isə vertolyotda həlak olub, cəsədi isə Bakıda tapılıb. Hazırda 11 şəhidin məzarı Lənkəran şəhərindəki “Yanvar şəhidləri” abidə kompleksində yerləşir.

Ədəbiyyat:

  1. Aqşin Əliyev. Haftoni: Qəlbimdəki yeddi bulaq. Bakı-2018.
  2. http://old.xalqqazeti.com/az/news/politics/53208
  3. https://sputnik.az/20180126/bakida-toredilen-qirqin-lenkeranda-da-bash-tutmali-idi-413782348.html
  4. http://www.anl.az/down/meqale/xalqqazeti/2011/yanvar/152640.htm