SON XƏBƏRLƏR

1917-ci ildə maarifpərvər müəllim Teymurbəy Bayraməlibəyov “Ünas” (sovet dövründə bir müddət qızlar məktəbinə belə deyilirdi) məktəbinin əsasını qoyub. Bu məktəb, Lənkəranda ilk müsəlman qızlar üçün olan təhsil ocağı idi. 1918-1920-ci illərdə Lənkəranın ilk qadın-müəllimi Məryəm Teymurbəy qızı Bayraməlibəyovanın rəhbərliyi ilə, məktəb fəaliyyətə başlayıb. Burada Məryəm xanım həmin məktəbin müdiri və müəllimi kimi də işləyib.

1918-1920-ci illərdə qızlar məktəbi şəhərin keçmiş Pioner döngəsində, iki otaqdan ibarət bir binada yerləşirdi. Sonra məktəb indiki Səttərxan küçəsindəki, 69 №-li binaya köçürülmüşdür. Bir müddət keçdikdən sonra isə, qızlar məktəbi Əlibayramov küçəsindəki 25 №-li binaya köçürülmüşdür. Yaşayış yeri olan bu kiçik bina indi də keçmiş adla “Ünas məktəbi” adlanır.

Məktəbin şagirdi, Azərbaycanın ilk qadın opera müğənnisi Həqiqət Rzayeva yazırdı: “Məryəm xanım qızları məktəbə cəlb etmək üçün özü də çadrada gəzirdi. Biz təkcə yazmaq, oxumaq öyrənmirdik, eyni zamanda səhnəciklər hazırlayıb valideynlərimiz qarşısında çıxış edirdik. Toplanan vəsait kasıb qızların məktəbə cəlb olunması üçün sərf edilirdi”. 1920-ci ildə məktəbin dram dərnəyində “Dursunəli və Ballı badı” tamaşası  qoyulmuşdur. Burada hazırlanmış tamaşaların iştirakçıları yalnız qızlar olmuşdur.

1950-ci ildən sonra Lənkəranda oğlanlar və qızarlar bir yerdə oxumağa başlamışdılar.

Mənbələr: 

  1. Sabir Gəncəli. Ömürlərdən səhifələr. Bakı-1973.
  2. “Bakı universitetinin xəbərləri”. Humanitar elmlər seriyası. №3 2011.
  3. Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.
  4. “Ailə, qadın, uşaq”. №22 2018.