SON XƏBƏRLƏR

Qırx övliya ziyarətgahı Astara rayonunun Sərək kəndində, kənd orta məktəbindən 300 metr aralıda, şümşad ağacları ilə əhatə olunmuş ərazidə yerləşir [1]. Ocaq IX-XII əsrlərə aid edilir [2]. Ziyarətgah yerli əhali tərəfindən “Çil Əvliyo” adlandırılır [1,2].

Kənd sakinlərinin dediklərinə görə, orta əsrlərdə burada 40 nəfər övliya məskunlaşıb və onlar yaşayış yerində sufizm təbliğatı ilə məşğul olublar [2]. 1970-ci illərdə ərazidə qazıntı işləri aparılan zaman burada qədim küplər, kərpiclər aşkar olunub. Bu isə ziyarətgahın ərazisində yaşayış olduğunu təsdiq edir [1].

Ziyarətgahda şərq üslubunda dini bəzəkləri və ərəbcə yazısı olan iki daş var. Əhali bu daşları ziyarət edir və üstündə şam yandırır [1,2].

Eyni adı daşıyan ziyarətgah, həmçinin Quba rayonunun Pirvahid kəndi ərazisində mövcuddur. Ehtimal edilir ki, həmin ziyarətgah şeyxlərə aiddir [2].

Ədəbiyyat: 

  1. Gülnar Əsədli. Nura qərq olunmuş Astaram. Bakı-2004.
  2. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.