Gəzəndaş ziyarətgahı Astara şəhərinə gedən istiqamətdə, yolun sağ tərəfində, Bakı-Astara magistral yolunun kənarında, Ərçivan qəsəbəsinin cənubunda yerləşir. Ziyarətgahın yaranma tarixi IX-XIII əsrlərə aid edilir [1].
Rəvayətə görə, burada Allah tərəfindən göndərilən və İmam Hüseynin (s) qanı olan bir “gəzən” daş var idi. Bu səbəbdən ziyarətgah “Gəzəndaş” adlandırılıb [3].
Yazıçı Səidəli Kazımbəyoğlunun “Cavahirnameyi-Lənkəran” kitabında ziyarətgah haqqında yazılıb: “Hal-hazırda Ərçivan kəndinin yerləşdiyi yer qədimdə murdov (bataqlıq) olmuşdur. Oranın ətrafında “Gəzəndə dəşt” adlandırılan çox səfalı və geniş bir məkan vardır”. Fars dilində “gəzənd” (bəla, zərər) və “dəşt” (çöl) sözlərindən yaranan “Gəzəndə dəşt”, Azərbaycan dilinə tərcümədə “bəlalı, zərərli çöl” mənasını verir [4].
Əfsanəyə görə, Sasani hökmdarı Nuşirəvan şah (I Ənuşirəvan Xosrov 531-579) Ərçivanda, Gəzəndaş ziyarətgahı olan ərazinin yanından keçərkən ağaclıqlar arasında gecələr işıq yandığını görür. Bir qadından bunun sirrini soruşduqda, qadın İlahidən gələn hikmət olduğunu, gecələr yanıb, gündüzlər isə söndüyünü deyir. Buna heyran qalan şah burada bir müddət məskən salıb [2].
Səidəli Kazımbəyoğlu “Cavahirnameyi-Lənkəran” kitabında qeyd edib ki: “Rəvayətlərdə və el arasında dəfələrlə söylənildiyinə görə, Məğfərətpənah Şah İsmayıl Bahadır xan Səfəvi (Şah İsmayıl Xətai) hicrətin 901-ci ilində (1499-1500) qışlamanı həmin məkanda keçirmişdir”. Ehtimal olunur ki, I Şah İsmayıl buranı ziyarət etmişdir [4].
Gəzəndaş ziyarətgahı dam örtüyünü heç vaxt üzərində saxlamayıb. Yerli sakinlərin dediklərinə görə, kimsə bir dəfə ziyarətgaha dam düzəldib, lakin sabahısı gün damın yerində olmadığını görüb. Bundan sonra buraya “dam götürməyən Gəzəndaş” da deyirdilər [1].
Ziyarətgah iki hissədən ibarətdir. Birinci hissə yaşı 500-dən çox olan nil ağaclarının altında tikili qalıqlarıdır. Güman edilir ki, əvvəllər həmin ərazidə qədim yaşayış məskəni olub. İkinci hissədə isə üzə çıxmış iri daşlar mövcuddur [1].
Ədəbiyyat:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- Gülnar Əsədli. Nura qərq olunmuş Astaram. Bakı-2004.
- Həşim Həsənoğlu. Azərbaycanın dini-tarixi abidələri, ziyarətgahları, seyidləri, övliyaları. Bakı-2005.
- https://gunaz.az/tarix/61748-gezendash-yoxsa-qezne-dasht.html



