SON XƏBƏRLƏR

Çəpinə türbəsi Astara rayonunun Şiyəkəran kəndində yerləşir [1]. Ehtimal edilir ki, bu türbə XVI əsrə aiddir [3].

Buranı “Ağır türbə” də adlandırırlar. Buna səbəb isə 1960-cı illərdə sovet hakimiyyətinin türbənin yanındakı palıd ağacını kəsməyə əmr verməsi, lakin bunu kəsmək istəyən adamın ağacın üstünə çıxanda iflic vuraraq dünyasını dəyişməsidir.

1990-cı illərdə kənd sakini olan Çıraq adlı şəxs türbəni təmir edib və onu qoruyub saxlayıb [4]. Onun şərəfinə bura, həmçinin “Çıraği Çəpni Tıbə”, yəni “Çırağın Çəpni türbəsi” adlandırılır [2].

Kənd sakini Yunus Qulamovun dediklərinə görə, bu türbədə Səfəvilər dövründə Qızılbaşların tərəfində vuruşan Türkiyənin Ələvi Çəpni sülaləsinin iki sərkərdəsinin dəfn olunduğu ehtimal olunur. Buna görə yerli sakinlər buraya “Çəpni türbəsi” də deyir. Bir vaxtlar Astaranın Pütəsər (indiki Pensər) mahalında Şah İsmayıl Xətai öz ordusu ilə bir yerdə düşərgə qurub, qışı keçirmək qərarına gəlib. Ehtimal olunur ki, məhz o vaxt Səfəvi ordusunun tərkibində olan Çəpnilər Astaranın Şiyəkəran kəndi ərazisində olublar [3].

Türbə binası salınan vaxt kvadrat formada olmuşdur və kərpicdən tikilmişdir. Yerli sakinlərin sözlərinə əsasən, burada əvvəllər XIII əsrə aid məscid olmuşdur. Sonra isə həmin binanın içərisindən palıd ağacı bitməyə başlamışdır və onun dağılmasına səbəb olmuşdur. Palıd ağacı hazırda türbənin arxa tərəfindədir və onun 800-dən çox yaşı var. Adamlar bura gələndə ağaca parça bağlayaraq  arzu tuturlar.

Türbənin içərisində əvvəllər iki hissədən ibarət yazılı kitabə olub. Hazırda türbədə yalnız kitabənin bir hissəsi saxlanılır. Onun üzərində qədim əlifba ilə Quran ayələrindən biri yazılıb [1].

Sovet dövründə türbə yararsız halda olub. Onun ərazisində çay bağı olub, sonradan isə burada qəbiristanlıq salınıb [2].

Ədəbiyyat:

  1. Gülnar Əsədli. Nura qərq olunmuş Astaram. Bakı-2004.
  2. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  3. https://sputnik.az/life/20170212/408861933/iki-serkerdenin-uyudugu-qebir.html
  4. https://www.youtube.com/watch?v=Qq1tOdU7g4U&t=886s

Photo Cenublu.az
Photo Cenublu.az
Photo Cenublu.az Photo Cenublu.az