SON XƏBƏRLƏR

Solmaz Səməd qızı Əliyeva 31 dekabr 1944-cü ildə Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində anadan olub [1].

Solmaz xanım 1976-cı ildə Lənkəran Kənd Təsərrüfatı Texnikumunun aqronomluq şöbəsini bitirib. O, əmək fəaliyyətinə 1959-cu ildə Baloğlan Abbasov adına sovxozda fəhlə işləməklə başlayıb. Əliyeva 1971-ci ildə manqa (qrup) başçısı seçilib, 1972-ci ildə isə başçılıq etdiyi manqa tərəvəzçilik sahəsində ən yüksək göstəriciyə nail olub. Həmin il Solmaz xanım təkbaşına 35 ton tərəvəz yığaraq qablaşdırıb.

1973-cü ildə Solmaz xanım Heydər Əliyev tərəfindən Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. O, üç dəfə Azərbaycan SSR Ali sovetinin deputatı seçilib. Əliyeva Azərbaycan Kommunist Partiyasının, Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqının və Azərbaycan komsomolu qurultaylarının nümayəndəsi olub. O, Lənkəran Şəhər Partiya Komitəsinin büro üzvü seçilib. Solmaz Əliyeva iki dəfə Lenin ordeni ilə təltif olunub [1].

Solmaz xanım Heydər Əliyevlə bağlı xatirələrində deyib: “Mən 20 il Əliyevlə işləmişəm. Tez-tez Ali Sovetin sessiyalarında görüşərdik. İşimizlə, şəraitimizlə maraqlanardı. Moskvada – SSRİ Ali Sovetinin iclaslarında da onunla iştirak etmişik. Kəndimizdə də olub, sovxozumuzun işi ilə maraqlanıb. Onun zəhmət adamına xüsusi hörməti var idi. Zəhmət çəkənə qiymət verməyi bacarırdı. Həmin dövrdə Lənkəran mindən çox şəhərə kənd təsərrüfatı məhsulları göndərmək gücündə idi. Çünki zəhmət adamına qiymət verən rəhbər var idi”.

Zeynəb Xanlarovanın ifa etdiyi “Kim tanımır Solmazı” mahnısı Solmaz Əliyevaya həsr olunub. Bu mahnının sözləri Şəkər Aslana, musiqisi isə Emin Sabitoğluna məxsusdur [2].

Solmaz Əliyeva 22 may 2012-ci ildə Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində vəfat edib [1].

Ədəbiyyat:

  1. Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.
  2. https://medeniyyet.az/page/news/21640/Lenkeran:-Unudulmaz-xatirelerin-melodiyasi.html