SON XƏBƏRLƏR

“General Aslanov” qısametrajlı filmi 1970-ci ildə rejissor Musa Bağırov tərəfindən çəkilib [1]. O, həmçinin general Həzi Aslanovla bağlı araşdırmaların da müəllifidir [3].

Ekran əsəri Böyük Vətən müharibəsində tank qoşunları briqadasının komandiri, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun döyüş yoluna həsr olunub. Düşmənlə vuruşan qəhrəmanın obrazını yaratmaq məqsədi ilə hərbi illərin tarixi xronikasından istifadə edilib. Bundan əlavə, generalın yaxınlarının, döyüş yoldaşları və dostları olan Obçanski, Poqorelko, marşal Yeremenko, Moskva sirkinin aktyoru Mixail Şuydin, general-polkovnik Obuxov və akademik Samsonovun xatirələrindən də istifadə olunub. Filmdə Stalinqradda (indiki Volqoqrad), Pribaltikada Aslanov və onun komandasının keçdiyi döyüş yerlərinə dair müharibə illərinin materialları göstərilir [2].

“General Aslanov” filminin ssenari müəllifi Fəraməz Səfiyev, operatoru Zaur Məhərrəmov, səs operatoru isə Şamil Kərimov olub [1].

Ədəbiyyat:

  1. Azərbaycan kinosu. 1898-2002. II cild. Bakı-2003.
  2. Aydın Kazımzadə. Kino və zaman (1923-2016). Bakı-2016.
  3. https://aki.az/%C9%99m%C9%99kdar-inc%C9%99s%C9%99n%C9%99t-xadimi-musa-bagirov-v%C9%99fat-edib/