SON XƏBƏRLƏR

İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov 24 yanvar 1945-ci ildə Miatva (Latviya, Yelqava) şəhərində vəfat edib [1].

1945-ci ildə bütün müttəfiq respublikalarda Müdafiə Nazirlikləri yaranırdı. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Mircəfər Bağırov isə həmin zaman Həzi Aslanovu Azərbaycanın Müdafiə naziri təyin edəcəkdi. Bağırov hətta Stalinə zəng edib və Aslanovun Azərbaycana gəlməsi üçün icazə aldı. Pribaltika cəbhəsinin komandanı, erməni İvan Xristoforoviç Baqramyan həmin zaman Aslanova dedi: “Həzi, mən səni təbrik edirəm, sən sabah Azərbaycan Kommunist Partiyasının sərəncamına getməlisən, səni Azərbaycana müdafiə naziri təyin edirlər. Ancaq sabah biz hücuma hazırlaşırıq. Mən istərdim ki, sən özün hücumu planlaşdırasan”. Səhərisi gün Həzi Aslanov Bakıya getməli idi.

Həzi Aslanovun bir yük maşını vardı və o, dincəlmək üçün həmin maşını istifadə edirdi. 24 yanvar 1945-ci ildə onu görən şahid Kulkov deyir ki, Aslanovun ayağında milli qaydada toxunmuş corab var idi. Aradan 20-25 dəqiqə keçməmiş altılüləli minamyotdan çıxan altı mərmi Həzi Aslanovun olduğu maşına dəyir. Minamyot isə sovet ordusu sahəsindən atılmışdı. Bu isə Həzi Aslanovun Baqramyan tərəfindən qətlə yetirildiyini təsdiqləyir [2].

Aslanovu Moskvaya müalicəyə aparmaq üçün təyyarə göndərilsə də, həmin vaxt Baqramyanın əmri ilə təyyarə işə salınmayıb və Həzi Aslanov vəfat edib. Yazıçı-jurnalist Musa Bağırov “Sərkərdənin taleyi” adlı kitabında yazıb: “Beqiaşvili Həzi Aslanovun şəxsi həkimi olmuşdu…Beqiaşvili ilə mən Tbilisidə – onun evində görüşdüm. O dedi: “Aslanov yaralananda mən orada yox idim. Lakin 5 dəqiqə sonra özümü ora çatdırdım…Mən Həzinin yanına uzandım ki, öz qanımdan 500 qram ona köçürülsün. O, yavaş-yavaş özünə gəlməyə başladı…Onu Moskvaya aparmaq üçün xüsusi təyyarə gəldi. Həzinin xahişi ilə onu Moskvaya qədər mən müşayiət etməli idim. Amma məni zorla onun yanından ayırıb, başqa iş dalınca göndərdilər. Bu, əlbəttə, qəsdən edilirdi. Həzi Aslanov ölməməli idi. Yaralanandan sonra o, düz 23 saat sağ qaldı…”. Beqiaşvilinin fikirincə, Aslanov qətlə yetirilib” [3].

Ədəbiyyat: 

  1. Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.
  2. http://tarixinstitutu.az/personalities/view/110
  3. https://azvision.az/news/116700/bir-gun-de-yasasa,-mudafie-naziri-olacaqdi-%E2%80%93-generalin-olumunun-boyuk-sirri-musahibe+video.html