Bu gün Azərbaycan səhnəsində çıxış edən ilk qadın müğənnilərdən biri – lənkəranlı Həqiqət Rzayevanın doğum günüdür. Onun necə uğur qazandığına nəzər yetirək [1].
Lənkəranda ilk müsəlman qızlar məktəbi Məryəm Bayraməlibəyovanın rəhbərliyi ilə fəaliyyətə başlayıb. Həmin zamanlar qızların məktəbdə oxuması düzgün sayılmırdı. Lakin qonşuların bütün dediklərinə baxmayaraq, 11 yaşlı Həqiqətin anası qızını Məryəm xanımın yanına gətirir. Həqiqətin ögey atası ilə münasibəti məktəbə gedənə kimi yaxşı olub. Xanımın xatirələrinə görə: “Yaxşı yadımdadır, bir gün məktəbdən qayıtdıqdan sonra dərslərimi hazırlayarkən qarşımda kitablar və dəftərlər görən ögey atam qəzəbləndi. Hər şeyi parçaladı və məni döyməyə başladı. Yazıq anam məni özü ilə örtərək, xilas etdi. Ögey atam onu döydü və axırda mənə dedi: “Bir daha görsəm ki, məktəbə gedirsən, səni öldürəcəm”. Buna baxmayaraq, xanım məktəbdə təhsilini davam etdirə bilib [2].
Rzayeva öz uşaqlıq illərindən bəhs edərkən deyib: “Bəzən bizim məhəllədən olan qızlar müxtəlif yeməli otlar yığmağa bir yerdə gedirdi, yol boyu mahnı oxuyurdular. Yolda bizi dinləmək üçün hasara dırmaşanları görəndə, körpə ürəyim çox sevinirdi. Dostlarım isə məni tərifləyərək deyirdilər: “Görürsən, səni necə dinləyirlər, bir az da oxu” [1].
Bir gün Həqiqət Rzayevanın rəfiqəsi ona qəzetdə Bakıda “Damğa” teatrına qızların işə götürülməsi haqda elanı göstərir. Qızlar valideynlərindən gizli oraya yollanırlar [3]. Sənətkar həmin hadisəni bu cür xatırlayıb: “Mənim rəfiqəmə qulaq asdılar, amma nədənsə bəyənmədilər. Məndən oxumağı tələb edəndə imtina etdim, dedim ki, mən onunla gəlmişəm. Amma müfəttişlər bir neçə dəfə xahiş etdikdən sonra mən oxudum. Ertəsi gün onlar məni qəbul etdilər. Mən narahat idim: hər şey necə olacaq? Bir tərəfdən məktəb, digər tərəfdən… ailəm buna necə reaksiya verəcək?…Amma yenə də təklifi rədd edə bilmədim və təbii ki, razılaşdım”.
“Damğa” teatrı kiçik tamaşalarla Azərbaycanın bölgələrinə qastrol səfərləri edərək, geniş tamaşaçı auditoriyasını qazandı. Tamaşaçılar Həqiqətin ifasında muğamlardan parçalar, xalq melodiyalarını zövq alaraq dinləyirdilər. Müğənninin bu teatrda işləməyə razılaşması ona gələcəkdə uğur qazandırdı [1].
Ədəbiyyat: