Mollaoba kənd məscidi Masallı rayonunun Mollaoba kəndində, Babək küçəsində yerləşir [3]. İbadətgah 1857-ci ildə inşa edilib. Yerli əhalinin sözlərinə görə, bu məscidin tikilməsində xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev maddi yardım göstərib [1].
İbadət evi düzbucaqlı formadadır və kərpicdən inşa olunub. Məscidin tavanı taxtadandır, damı isə dəmir təbəqə ilə örtülüb. İbadətgahın ön tərəfində tağvari formada dörd pəncərə və iki giriş qapısı var. İbadət evi iki hissəyə bölünür: qadınlar və kişilər şöbəsi. Məscidin damında azan vermək üçün günbəz mövcuddur və onun üstündə aypara qoyulub [2].
Sovet dövründə ibadətgah hökumət tərəfindən bağlanmışdı [1]. Lakin 1990-cı illərdə əsaslı təmir-bərpa işləri aparıldıqdan sonra ibadət evinin fəaliyyəti bərpa edilmişdir [2].
Ədəbiyyat:
- Musarza Mirzəyev. Mənim Masallım. Bakı-1991.
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- https://kataloq.gomap.az/az/all-poi/culture/mosque/8fb152bcd56611e0ad4900226424597d
