SON XƏBƏRLƏR

Zülfüqar Əhməd oğlu Əhmədzadə 1898-ci ildə Astara rayonunun Pensər kəndində anadan olub. Əhmədzadə şair, publisist, tərcüməçi və ictimai-siyasi xadim olub.

Zülfüqar Əhmədzadə ibtidai təhsilini rus məktəbində almışdır. O, hələ 14 yaşı olarkən rus, türk, fars və ərəb dillərini öyrənərək, şeir yazmağa başlamışdır. Əhmədzadə  “Ədalət”, “Hümmət”, “Bolşevik” partiyalarının üzvü olmuşdur. Zülfüqar Lerik, Lənkəran, Laçın, Zaqatala, Ağdam, Astara rayonlarında yüksək vəzifələrdə çalışıb. İlk dəfə olaraq latın qrafikası ilə Talış Əlifbasının tərtib edilməsi onun adı ilə bağlıdır.

Əhmədzadənin Bakıda Respublika Fəallar Yığıncağındakı çıxışı onun respublikadan kənar yerə təyin edilməsiylə nəticələnib: “Azərbaycan Mərkəzi Komitəsinə uzun müddətdir ki, Mirzoyanlar, Rubenlər, Polonskilər rəhbərlik edir. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsində (MİK) cəmi 9% azərbaycanlı qalıb. Qalanlar ruslar, ermənilər, gürcülər, yəhudilər və başqa millətdən olanlardır. Məgər Azərbaycanın elə bir oğlu, kadrosu yoxmu ki, ona rəhbərlik etsin?”. Onu dərhal respublikadan uzaqlaşdırırlar, Ermənistanın Vedi Rayon İcra Komitəsinə sədr göndərirlər. Şair buna uyğun beyt də yazıb: “Atdığım daş idi, düşdü bostana, indi çək cəzanı, get Hayıstana (Ermənistan)”.

Bakıya qayıtdıqdan sonra, 15 mart 1938-ci ildə “əksinqilabi” fəaliyyətdə ittiham olunaraq, həbs edilmişdir. O, oğluna ünvanladığı 28 yanvar 1940-cı il tarixli məktubunda həbsinin əsas səbəbini belə izah edib ki, guya o, Talış mahalını Azərbaycandan ayırmaq istəyib. Lakin sübut edilmədiyindən 64-cü maddə (vətənə xəyanət) üzərindən götürülüb və heç bir maddə yazılmadan “əksinqilabi” fəaliyyət ittihamı ilə 5 il azadlıqdan məhrum edilərək, Sibirə sürgün edilib.

Azadlığına bir il qalmış, 9 iyun 1942-ci ildə Zülfüqar Əhmədzadə Rusiyanın Mariinsk şəhərində xəstəlikdən dünyasını dəyişib.

Mənbələr:

  1. Mirhaşım Talışlı Etibar Əhədov Lənkəran: ensiklopedik məlumat, Bakı 2014 s. 136
  2. https://www.youtube.com/watch?v=saZFkeEEhhE
  3. https://sputnik.az/culture/20181109/417813340/milli-edebiyyatimizin-tereqqiperver-simasi.html
  4. https://avestatalysh.com/2017/10/30/zulfiqar-%C9%99hm%C9%99dzad%C9%99-h%C9%99yat-v%C9%99-yaradiciligi/