SON XƏBƏRLƏR

Sona Nağı bəy qızı Mehmandarova 1894-cü ildə (1896) Lənkəran şəhərində anadan olub [1,2]. O, AXC-nin ilk hərbi naziri Səməd bəy Mehmandarovun qardaşı qızı idi [1].

Mehmandarova ev təhsili alaraq, fransız və rus dillərini oyrənib. Daha sonra o, gimnaziyada oxuyub [1,2].

Sona xanım atası öldürüldükdən sonra Bakıya köçüb [3]. Xanım 1912-ci ildə Bakıda “Obşestvennoye sobraniye” (hazırda Azərbaycan Dövlət Filarmoniyası) binasında təşkil edilən gözəllik müsabiqəsinə qoşulur. Münsiflər heyəti “təbii gözəlliyini qoruyub saxlamış, zərif və nəcib görkəmli əyalət qızını” qalib elan edir və o, Tiflisdəki gözəllik müsabiqəsinə dəvət alır. Tiflisdə Sona xanım “Qafqaz incisi” adını qazanır və Sankt-Peterburqda keçiriləcək “Miss Rusiya” müsabiqəsinə yollanır. Xanım orada da birincilik qazanır və qiymətli tac əldə edir.

Sona xanım 1912-ci ildə Parisdə “Dünya gözəli” final müsabiqəsinə qatılır. O, “Dünya gözəli” titulunu – “Qran-Pri”ni qazanır. Həmin zaman Sona xanımın şəkilləri Paris qəzet və jurnallarında, həmçinin dünya mətbuatında da çap olunur. Sona Mehmandarova dünya gözəli seçilmiş ilk azərbaycanlı qadındır.

Sona xanım bu müsabiqədən aldığı yüksək pul mükafatı ilə Sankt-Peterburqda bir mülk alır [2].

Müsabiqədən bir il sonra o, əslən dağıstanlı olan Uruzovla ailə qurur. Lakin onların övladı olmur və 1917-ci ildə Rusiyadakı hadisələr nəticəsində ailə müflisləşir [3].

Publisist N.Əbdülrəhmanlı öz məqaləsində yazıb: “…Sona xanım Mehmandarova ötən əsrin 20-ci illərində Moskvada yaşayıb. Güman ki, yaşayış yerini dəyişməsində yaxın münasibətdə olduğu RSFSR-in maarif naziri Anatoli Lunaçarskinin himayəsi başlıca rol oynayıb. Çünki “qara siyahı”-ya düşmüş Mehmandarovların soyuna mənsub olmaq həmin dövrdə ciddi təhlükə idi”. Deyilənlərə görə, 1930-cu illərdə Sona xanım izini itirmək üçün bütün sənədlərini və şəkillərini yandırıb [2].

Mehmandarova Bakıya bir də yarım əsrdən sonra – 1966-cı ildə qayıtdı. Onun qohumlarının dediklərinə əsasən, bir gün xanımın halı pisləşdiyindən, ona “təcili yardım” çağırıblar. O vəziyyətdə Sona xanım güzgü və kosmetika istəyib, həkimlərin qarşısına səliqəli görkəmdə çıxıb [3].

Sona xanım 1971-ci ildə Bakı şəhərində vəfat edib və orada dəfn olunub [1,3].

Ədəbiyyat:

  1. Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.
  2. Kaspi. 17 fevral 2016.
  3. https://www.aztc.gov.az/az/posts/id:214 

 

View this post on Instagram

 

A post shared by Cənublu.Az (@cenublu.az)