SON XƏBƏRLƏR

Tunq ağacı – yarpağı tökülən dekorativ, subtropik ağac cinsidir [2]. Cənub bölgəsində tunq plantasiyalarının salınması 1937-1940-cı illərdə baş tutub.

Ağac quru küləklərə davamlıdır, subtropik ərazilərdə bitən bitkilərdəndir. Cənub bölgəsinin iqlimi ağaca uyğun olduğundan burada becərilməyə başlayıb.

Tunq ağacının meyvələrindən alınan yağ ən yaxşı texniki yağlar sırasına daxildir [1]. Bu yağ tez quruma keyfiyyətinə, davamlılığına görə bütün yağlardan üstün hesab edilir. Tunq ağacının yağından hazırlanmış lak və rənglər küləyə, yüksək temperatura, rütubətə və dəniz suyuna davamlıdır. Lakin bu bitkinin, demək olar ki, bütün hissələri – meyvələrdəki toxumlarından çiçəklərinə qədər zəhərlidir [2].

Ağac tarixən Çində, Yaponiyada, Hindistanda, ABŞ-da yayılmışdır. Azərbaycanda yetişdirilən tunq ağacı Çindən gətirilir.

2017-ci ilə aid olan məlumata görə, tunq ağacları Hirkan qəsəbəsində və Astara rayonunun subtropik bitkilər sovxozunda, 7,5 hektar sahədə yetişirdi. Bu ağac növünə Cənub bölgəsinin meşələrində də rast gəlmək olar [1].

Ədəbiyyat: 

  1. Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.
  2. Azərbaycan sovet ensiklopediyası. IX cild. Bakı-1986.