SON XƏBƏRLƏR

Paltarkəsdi mərasimi toyun əsas mərhələlərindən biri hesab olunur [1]. Məclis oğlan və qız tərəfindən olan qadınların iştirakı ilə, nişandan sonra qız evində keçirilir [1,2].

Cənub bölgəsində paltarkəsdi mərasimini aparan qadına sərxeyir (xeyir iş aparan başçı) deyilir [2]. Oğlan evi qıza məxsus geyim, bəzək ləvazimatlarını sandığa, xonçalara yığaraq qız evinə gətirir və burada yığışanlara nümayiş etdirir. Bu zaman cavan gəlinlərdən biri parçalardan birini götürüb üstünə konfet tökərək bir tərəfini qayçılayır. Hamı bu zaman: “Allah mübarək eləsin!” deyir. Parçanı qayçılayana isə hədiyyə verilir. Qızlar gəlinin başına yığışaraq birlikdə mahnı oxuyurlar. Cənub bölgəsində paltarkəsdi mərasimindən sonra hırdaboy (yəni qız toyunda istifadə olunacaq ərzağın qızgilə gətirilməsi) keçirilir.

Bu adət-ənənə Salyan və Biləsuvarda paltaraparma, Şəkidə paltarbiçdi, Yevlax və İmişlidə parça, Goranboyda isə kəsi-biçi  adlandırılır [1]. Paltarkəsdiyə bənzər mərasim, həmçinin ərəb ölkələrində də “Əl-miksar” adı altında keçirilir [3].

Ədəbiyyat:

  1. Könül Dənziyeva. Azərbaycan dilində toy mərasimi leksikası. Bakı-2012.
  2. Fərahim Balakişi oğlu Sadıqov. Masallı folkloru. I kitab. Bakı-2012.
  3. https://modern.az/az/news/65476