Cahan Rza qızı Talışinskaya 9 fevral 1909-cu ildə Lənkəran şəhərində anadan olub [1].
O, general Səməd bəy Mehmandarovun bacısı Məryəm xanımın qızı idi [3].
“Qubanın ağ alması”, “Uca dağlar”, “Dəli Ceyran”, “Kürdün gözəli” kimi bir çox xalq mahnılarını ilk dəfə Cahan Talışinskaya ifa edib. Müğənninin oğlu Nazim Hacıbəyovun xatirələrinə görə, Cahan xanım bu mahnıların bəzilərini ucqar dağ rayonlarında, çay qırağında paltar yuyan qadınlardan eşidərək yazıb. Onun ifa etdiyi “Qatar”, “Şahnaz”, “Segah”, “Bayatı-Şiraz” və “Qarabağ şikəstəsi” radionun qızıl fonduna daxil edilib [2].
1918-ci ildə Cahan xanım ailəsi ilə Bakıya köçüb. O, 1927-ci ildən Bakı şəhərinin radio şəbəkəsində işləyib. Talışinskaya 1933-1936-cı illərdə “Şərq musiqi ansamblı”-nın tərkibində Rusiyanın və Ukraynanın şəhərlərində qastrol səfərlərdə olub. 1934-1942-ci illərdə Azərbaycan, 1942-1944-cü illərdə Özbəkistan Dövlət filarmoniyalarının solisti kimi çalışıb. O, 1939-cu ildə Moskvada Birinci Ümumittifaq müsabiqəsinin laureatı olub [2].
1930-cu illərdə Bakıya Əfqanistan şahı Əmənulla xan gəlib. Onun şərəfinə keçirilən konsertdə Cahan Talışinskaya çıxış edib. Konsertdən sonra şahın həyat yoldaşı minnətdarlıq əlaməti olaraq, Cahan xanıma qızıl qol saatı hədiyyə edib. Ertəsi gün Talışinskayanı NKVD-yə dəvət ediblər və saatı ondan alıblar. Bir gün sonra isə saatı qaytarıblar. Həmin saatın arxa tərəfində “Cahan Talışinskayaya Əmənulla xandan” sözləri yazılmışdır [3].
Talışinskaya 1940-cı illərdə Tbilisidə Azərbaycan Teatrında və Azərbaycan Musiqili Komediya Teatrında işləyib. Burada o, “Leyli və Məcnun”, “Arşın mal alan”, “Əsli və Kərəm” və s. tamaşaların baş rollarında çıxış edib [1].
Cahan xanım Cabbar Qaryağdı, Hüseynqulu Sarabski, Seyid Şuşinski, Xan Şuşinski, Həqiqət Rzayeva kimi xanəndələr ilə konsert proqramlarında iştirak edib.
Talışinskaya xüsusi musiqi savadı olmadan pianinoda, tarda və bir çox başqa alətlərdə ifa edə bilirdi [2].
Cahan Talışinskaya 1 mart 1967-ci ildə Bakıda, pianinoda çalıb oxuduğu zaman iflic olaraq, dünyasını dəyişib [1,2].
Ədəbiyyat:
- Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.
- http://www.musigi-dunya.az/new/added.asp?action=print&txt=117
- https://azerhistory.com/?p=27643