Cənub bölgəsində Novruz bayramı Yeni il bayramının gəlişi kimi qarşılanır.
Axırıncı çərşənbəyə bu bölgədə daha çox önəm verilir. Novruz bayramı qarşısındakı çərşənbə axşamı süfrəyə ziyad balığı, tərə, qovurğa və “s” hərfi ilə başlanan 7 növ nemət qoyulmalıdır. Həmin gün bir ərazidə yeddi yerdə tonqal yandırılır və ailə üzvləri üzərindən tullanırlar.
Sonuncu çərşənbə axşamı cavanlar çaya gedər, oradan evə su gətirərlər. Səhər isə gətirilən sudan evə səpərlər, əl-üzlərini yuyarlar.
Novruz bayramı qabağı, axırıncı çərşənbə günü nişanlı olan cütlüklərə aid bir adət var. Əgər nişanla toy arasında olan vaxta Novruz bayramı düşürsə, bu zaman oğlanın valideynləri sonuncu çərşənbə günü qudalarının evinə qonaq gedirlər. Qonaq gedəndə isə özləri ilə hədiyyə olaraq ağzında qızıl üzük olan balıq aparırlar. Həmçinin bayram şirniyyatları və səməni də aparılır.
Cənub bölgəsində Novruz bayramı zamanı bişirilən ən tanınmış şirniyyat “qəndi külçə”-dir. Həmin şirniyyat üyüdülmüş qənddən hazırlandığı üçün bu cür adlandırılır. Bu şirniyyat, həmçinin “Lənkəran külçəsi” və “vulkan külçəsi” adı ilə də tanınır. Bişən zaman içliyi xəmiri partladıb çölə çıxdığına görə ona “partlama” da deyirlər.