SON XƏBƏRLƏR

 

Əvəz Abdulhəsən oğlu Cəbiyev 28 aprel 1922-ci ildə Ərkivan kəndinin (indi qəsəbədir) Cəbili məhəlləsində anadan olub. O, Masallının ilk tibb elmləri doktoru, Ərkivan kəndinin isə ilk alimi olub [1,2].

Əvəz Cəbiyev ilk təhsilini Ərkivan kənd orta məktəbində alıb. O, 1940-1943-cü illərdə Masallı şəhər 2 nömrəli natamam orta məktəbində fizika, riyaziyyat və kimya fənləri üzrə dərs deyib. Cəbiyev 1943-1944-cü illərdə Masallı rayon Maliyyə Şöbəsi üzrə Dövlət Sığorta İnspeksiyasında çalışıb. O, 1948-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. 1948-ci ilin mart ayında təhsilini institutun infeksiya xəstəlikləri kafedrasında davam etdirib.

Cəbiyev 1951-1952-ci illərdə Bakı şəhər 3 saylı tibb məktəbində, 1952-1956-cı illərdə N.A.Semaşko adına xəstəxanada işləyib. Əvəz Cəbiyev 1952-ci ildə Sankt-Peterburqda, 1968-ci ildə isə Moskvada ixtisasartırma kursları keçib. O, 1956-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun birinci müalicə kafedrasına assistent, 1963-cü ilin martında dosent, 1969-cu ilin iyununda professor seçilib və ömrünün sonunadək orada işləyib [2].

Deyilənə görə, Əvəz Cəbiyev mühəndis olmaq istəyib. Lakin alim və həkim Mirkazım Aslanlı Sarəng onu həkim olmağa ruhlandırıb [1].

Əvəz Cəbiyev 1954-cü ildə tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün “Endemik səpkili yatalaq xəstəliyində karbohidratlar mübadiləsi” mövzusunda dissertasiya müdafiə edib. Bu, onun ilk elmi uğuru olub. 1968-ci ilin mayında isə alim “Azərbaycanın müxtəlif əhali qrupları arasında ürəyin işemik xəstəliyinin epidemiologiyası” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

1973-cü ilədək Əvəz Cəbiyevin 54 elmi əsəri ölkə mətbuatında dərc olunub. O, xarici ölkələrdə keçirilən konfrans və konqreslərdə, simpozium və müşavirələrdə mühazirələr oxuyub, məruzələrlə çıxış edib [2].

Əvəz Cəbiyev 1974-cü ildə 52 yaşında Bakı şəhərində dünyasını dəyişib və Ərkivanda, Cəbili qəbiristanlığında dəfn olunub [1].

1991-ci ildə Masallı Rayon Mərkəzi Xəstəxanasına Cəbiyevin adı verilib. Lakin hazırda həmin xəstəxanada onun adını daşıması barədə lövhə yoxdur [2].

Ədəbiyyat:

  1. Abdurrəhman Səmədov. Ərkivan salnaməsi. Bakı-2009.
  2. https://www.qht.az/index.php?action=static_detail&static_id=50916&fbclid=IwAR1EHAqsJ-utevekGJXTkvygf5ryeY1yBqKWCCHSSQorAG2LH5m1ikVpKtc