SON XƏBƏRLƏR

Zadir Rza oğlu Rzayev 10 oktyabr 1937-ci ildə Lənkəran rayonunun Şürük kəndində anadan olub [1]. Onu, həmçinin Zaur da adlandırırdılar [2].

Rzayev 1955-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olub, lakin ailə vəziyyəti ağır olduğundan təhsilini davam etdirməyib. 1958-1962-ci illərdə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbində oxuyub.

Zadir Rzayev 1962-ci ildə leytenant rütbəsi alaraq, Almaniyadakı Sovet Silahlı Qüvvələrinin tərkibində xidmətə göndərilib [1,2]. Yüksək hərbi göstəricilərinə görə, o, Zaqafqaziya Hərbi Dairəsinə – Ermənistanın Gümrü şəhərinə hərbi xidmətini davam etdirməyə göndərilib. 1971-ci ildə Moskvadakı M.F.Frunze adına Hərbi Akademiyaya daxil olub. 1975-ci ildə Ümumqoşun Akademiyasını bitirib, Zaqafqaziya Hərbi Dairəsində alay komandirinin müavini, sonralar isə Bakı Dövlət Universitetinin hərbi kafedrasının müdir müavini vəzifəsində çalışıb. Burada polkovnik rütbəsini alan Zadir Rzayev kafedra rəisi vəzifəsinə təyin edilib [2].

Rzayev 9 oktyabr 1991-ci ildə yaratdığı Azərbaycan Silahlı Qüvvələrinin ilk (sonralar “I batalyon” kimi tanınan) N saylı hərbi briqadasının komandiri kimi Qarabağa, döyüş bölgəsinə gedib. 1992-ci ildə Ağdərənin 12, Laçının 40 kəndinin azad edilməsində, eləcə də korpus komandiri kimi Beyləqan və Füzuli istiqamətində uğurlu əks-hücum əməliyyatına rəhbərlik edib. Həmçinin Şuşanın, Ağdamın, Kəlbəcərin və Göranboyun müdafiəsində də iştirak edib [3]. 19 oktyabr 1992-ci ildə general-mayor rütbəsinə layiq görülüb.

Zadir Rzayev 16 iyun 1993-cü ildə Müdafiə Nazirliyində yaradılan cəbhə qərargahının rəisi və nazirin birinci müavini vəzifəsinə təyin olunub [2].

O, 28-29 avqust 1993-cü ildə Beyləqan yolunda avtomobil qəzasına düşüb. Qəzada başından ağır xəsarət alaraq, 3 ay hərbi hospitalda müalicə olunub. 2 noyabr 1993-cü ildə Müdafiə Nazirliyinin nəzdindəki cəbhə qərargahı ləğv olunduqdan sonra, o, “hərbi formadan istifadə etmə” icazəsiylə ehtiyata göndərilib [3].

Zadir Rzayev 29 yanvar 2010-cu ildə uzun sürən parkinson xəstəliyindən sonra, 73 yaşında dünyasını dəyişib [2,3]. O, İkinci Fəxri xiyabanda dəfn edilib [3]. 

Ədəbiyyat:

  1. Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.
  2. http://www.anl.az/down/meqale/xalqcebhesi/2010/noyabr/139612.htm
  3. https://web.archive.org/web/20160305043532/http://www.talish.info/news/general_zaur_rzayev_vfat_edib/2010-01-31-921