SON XƏBƏRLƏR

İlham Sənan oğlu Axundov 1 iyun 1959-cu ildə Lənkəran rayonunun Boladi kəndində anadan olub.

O, 1981-ci ildə indiki Sankt-Peterburq Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində oxuyub, sonra isə həmin universitetin aspiranturasını bitirib. Axundov 1987-1988-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində, Odlar Yurdu Universitetində, Xəzər Universitetində və AMEA-nın Mexanika-Riyaziyyat İnstitutunda müxtəlif vəzifələrdə işləyib [1].

İlham Axundov 1999-cu ildə ABŞ Dövlət Departamenti tərəfindən keçirilən “Fulbrayt” müsabiqəsinin qalibi olub. O, 1999-2000-ci illərdə ABŞ-nin Texas A&M Universitetində tədqiqat işləri aparıb.

Axundov 2000-2001-ci illərdə Türkiyənin İstanbul şəhərindəki Fatih Universitetində, 2001-ci ildən isə Kanadanın Hamilton şəhərindəki Makmaster Universitetində çalışıb. O, 2007-ci ildə Kanadanın “Waterloo” Universitetinin riyaziyyat fakültəsində işləməyə başlayıb. Professor 2009-2013-cü illərdə həmin təhsil müəssisəsinin Dubaydakı filialının riyaziyyat fakültəsinin direktoru kimi çalışıb.

Kanadada Axundov Azərbaycan Tədqiqatlar İnstitutunu yaradıb. Qurumun əsas məqsədi Azərbaycanın tarixi, coğrafiyası, ədəbiyyatı, cəmiyyəti, iqtisadiyyatı, diasporu və mədəni irsini tanıtmaq, elmi ictimaiyyət, hökumət və mətbuat işçiləri üçün konfrans, seminar və mühazirələr təşkil etməkdir [2].

İlham Axundov Lənkəran Dövlət Universitetində (LDU) keçirilmiş beynəlxalq konfranslarda iştirak edib. 2013-cü ildə onun rəhbərliyi ilə Kanadanın “Waterloo” Universitetinin bir qrup tələbəsi LDU-da təcrübə alıb.

Axundov üç dərslik və 30-dan çox elmi məqalənin müəllifidir [1].

Hazırda İlham Axundov “Waterloo” Universitetinin riyaziyyat fakültəsinin riyaziyyat, biznes və mühasibat uçotu üzrə proqram direktoru vəzifəsindədir. O, həmçinin “Kanada-Azərbaycan” Əməkdaşlıq Assosiasiyasının prezidentidir [2].

Ədəbiyyat:

  1. Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.
  2. Xaricdə yaşayan azərbaycanlılar. Bakı-2016.