SON XƏBƏRLƏR

8 noyabr 2020-ci ildə 44 gün sürən hərbi əməliyyatlar nəticəsində Şuşa şəhəri işğaldan azad edilib. Bu tarix böyük əhəmiyyət daşıdığından hər il bu gün Azərbaycanda Zəfər Günü kimi qeyd olunur.

27 sentyabr 2020-ci ildə başlamış Vətən müharibəsi zamanı Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini, bundan əlavə, Zəngilan rayonunun 3 qəsəbəsini, Xocavənd rayonunun 1 qəsəbəsini və bir çox kəndlərini, Tərtər, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, 300-dən artıq yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad edib.

10 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti, Rusiya Federasiyası Prezidenti və Ermənistan Respublikası Baş naziri üçtərəfli bəyanat imzalayıblar. Bu, Azərbaycanın 44 günlük müharibədəki qələbəsinin son nəticəsi idi.

Azərbaycanda Zəfər Gününün təsis edilməsi haqda ilk Fərman 2 dekabr 2020-ci ildə verilmişdi. Həmin qanuna əsasən, Zəfər Günü hər il noyabrın 10-u keçirilməli idi. 3 dekabr 2020-ci ildə 8 Noyabr tarixinin Zəfər Günü kimi qeyd olunması haqqında qanun qəbul edilib. Buna səbəb isə 10 noyabrın Türkiyədə Mustafa Kamal Atatürkün anım günü kimi qeyd olunmasıdır.