18 avqust 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən ölkənin sərhədlərini mühafizə etmək məqsədi ilə Hərbi Nazirliyin tərkibində Azərbaycanın ilk Sərhəd Qoşunları dəstəsi yaradılıb. 2000-ci ildə ümummilli lider Heydər Əliyev 18 avqustun sərhədçilərin peşə bayramı günü elan edilməsi ilə bağlı Sərəncam imzalayıb.
AXC süquta uğradıqdan sonra, sovet hakimiyyəti dövründə Sərhəd Qoşunları Dövlət Təhlükəsizlik Komitəsinin strukturu kimi mövcud idi.
Azərbaycan müstəqillik əldə etdikdən bir müddət keçincə, 1992-ci ildən başlayaraq sərhəd xidməti Milli Təhlükəsizlik Nazirliyinin tərkibində fəaliyyət göstərməyə başladı. 2002-ci ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları İdarəsinin əsasında Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti yaradılıb. Bundan əlavə, Dövlət Sərhəd Xidmətinin rəisi Sərhəd Qoşunlarının komandanı təyin olunub. Dövlət Sərhəd Xidmətinin yaradılması və ona mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi Azərbaycan sərhədçilərinin fəaliyyətinin keyfiyyətinin artmasına səbəb olub.