Bu gün Azərbaycanda Müstəqillik Gününün qeyd edilməsi 28 may 1918-ci ildə yaranan müsəlman şərqində ilk parlament respublikasının – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması ilə bağlıdır.
27 may 1918-ci ildə Müsəlman Fraksiyasının üzvləri iclas keçirir və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəlirlər. 28 may 1918-ci ildə Müsəlman Fraksiyası tərəfindən İstiqlal bəyannaməsi imzalanaraq AXC yaranır. Qısa müddət ərzində Azərbaycanın ilk parlamenti və hökuməti yaradılır, ölkənin sərhədləri müəyyən edilir, Dövlət Bayrağı və Himni təsis edilir, Azərbaycan dili dövlət dili elan olunur və ölkə üçün əhəmiyyətli olan digər tədbirlər görülür. Cəmi 23 ay mövcud olan AXC 1920-ci ilin aprel ayında sovet ordusunun hücumuna məruz qalaraq, süquta uğrayır.
Əvvəllər bu gün Respublika Günü kimi qeyd edilsə də, 15 oktyabr 2021-ci ildən 28 May – Müstəqillik Günü kimi qeyd olunmağa başlayıb.